Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt şəhər İcra Hakimiyyəti Bayraq meydanında “Novruz bayramı” münasibəti ilə bayram şənliyi təşkil edib. Bayraq Meydanında Novruz bayramı münasibəti ilə təşkil olunmuş şənlikdə eni 5 metr, uzunluğu 21 metrdən artıq, çəkisi 6 ton olan nəhəng paxlava kəsilərək şəhər sakinlərinə paylanıb.
Keçirilən şənliklə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə bildirib ki, bu cür tədbirlər şəhər sakinlərini bir-birinə daha da yaxınlaşdırır: “Bu gün hazırlanan nəhəng paxlava bütün dünyaya təqdim olunacaq. Paxlava kəsildikdən sonra şəhərin əksər hissəsi bu paxlavadan dadacaq”.
Nəhəng paxlavanı hazırlayan şirniyyatçı Müzəffər Agüloğlum isə bildirib ki, paxlavanının hazırlanmasına mart ayının 2-dən başlanılıb: “Bu nəhəng paxlavanın hazırlanmasında 9 nəfər çalışıb. Paxlavanın bişirilməsində 1200 kq şəkər, 1390 kq un, 915 kq qoz, 1300 kq yağ, və müxtəlif ədviyyatlardan istifadə olunub”.
Bundan başqa, meydanda göz oxşayan bəzəkli çadırlar, nəhəng səmənilər, milli məişət adət-ənənələrini əks etdirən sərgilər təşkil edilib. Əyləncəli bayram proqramına milli musiqi nümunələri, bayramın əsas personajları olan kosa ilə keçəlin oyunları, 2012-2013 cü illərin şahı olan Əjdaha və İlanın iştirakı şənliyə xüsusi rəng qatıb.
Qeyd edək ki, bütün bunlarla yanaşı, şəhər icra hakimiyyəti tərəfindən sakinlərə pulsuz kabab və çay paylanıb.
Xatırladaq ki, bundan öncə sumqayıtlılar dövlət başçısı İlham Əliyevin 51 yaşının tamam olması münasibəti ilə uzunluğu 51 m, çəkisi isə 11 ton olan nəhəng tort hazırlamışdılar.
Elvin Abdulqədirov
sumqayitda novruz bayramina aid tedbir kecirilib.