Reklam

Reklam

Reklam

Sumqayıtda Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi qeyd olundu-FOTOLAR

2792

AZƏRTAC xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli Liderin büstü önünə tər güllər düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra iştirakçılar Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən çoxsaylı eksponatlar, sərgi, foto və video materiallarla tanış olublar.
Yığıncaq Azərbaycan dövlətçiliyində əvəzsiz rolu və misilsiz fəaliyyəti olan, Azərbaycanın təhlükəsizlik orqanlarında sıravi əməkdaşdan komitə sədri və general-mayor rütbəsinədək yüksəlmiş ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra “Ulu öndər Heydər Əliyev və dövlət quruculuğu” adlı film izlənib.
DTX-nın Sumqayıt Şəhər İdarəsinin rəisi Samir Həsənov yığıncağı açaraq bildirib ki, Azərbaycanın dövlət institutları sırasında özünəməxsus yeri və rolu olan təhlükəsizlik orqanı bir necə gün sonra – martın 28-də yaradılmasının 100 illik yubileyini qeyd edəcək. “Müstəqilliyini əzmlə möhkəmləndirən, demokratik prinsiplərə əsaslanan sivil, hüquqi dövlət quruculuğu yolunda dönməzliyini sübuta yetirən Azərbaycan Respublikası bu gün dövlətçilik ənənələrini daha da inkişaf etdirərək etibarlı gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradıb”, – deyən Samir Həsənov əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində daim təkmilləşən Dövlət Təhlükəsizliyi Xidmətinin hazırda inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyduğunun vurğulayıb.
DTX-nın keçdiyi tarixi yola nəzər salan S.Həsənov onu şərti olaraq üç dövrə – cümhuriyyət, sovet və müstəqillik illərinə bölərək, dövlətçiliyimizin inkişafının hər mərhələsində Azərbaycanın təhlükəsizlik orqanlarının üzərinə düşən mühüm vəzifələri layiqincə yerinə yetirdiyini diqqətə çatdırıb. O, Azərbaycan xüsusi xidmət orqanlarının SSRİ və müstəqillik dövrlərindəki inkişafında Ulu Öndərin əvəzsiz rolundan danışaraq qeyd edib ki, Heydər Əliyev Azərbaycan SSR xüsusi xidmət orqanlarının milliləşməsinə çalışıb. Prezident kimi Heydər Əliyev özünün 1997-ci il 23 mart tarixli Sərəncamı ilə ölkəmizdə təhlükəsizlik orqanlarının peşə bayramı gününü təsis edib, bu orqanların Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tarixi varisliyinin təmin edilməsinə qərar verib.
İdarə rəisi bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən islahatların əsası Ulu Öndər tərəfindən qoyulan Azərbaycanın dövlət təhlükəsizliyi məktəbinin ənənələrini yaşatmağa, bu ənənələri yeni dövrün tələblərinə və milli dövlətçilik prinsiplərinə uyğun şəkildə daha da zənginləşdirməyə imkan verdiyini bildirib.
S.Həsənov diqqətə çatdırıb ki, Dövlət Təhlükəsizlik Xidməti Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində mühüm işlər görür, cəmiyyət qarşısında cavabdehliyini və məsuliyyətini dərk edir və bu sahədə üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə şərəflə yerinə yetirmək əzmindədir.
Sonra DTX-nın şəhər idarəsinin rəis müavini Natiq Səmədov, Sumqayıt şəhər prokuroru Sərdar İmanov, şəhər ağsaqqallar şurasının sədri Müzəffər Gülümov çıxış edərək Ulu Öndərin təhlükəsizlik orqanlarının fəaliyyətinin xalqımızın milli maraqları baxımından düzgün istiqamətləndirilməsi, milli kadrların bu orqanlarda yerləşdirilməsi ilə bağlı rolundan danışıblar. Həmçinin ölkəmizdə yaranan ictimai–siyasi sabitliyin qorumasında cəmiyyətin rolu və əhəmiyyətini qeyd ediblər.
Dövlət idarəçiliyi sisteminin təşkili zamanı Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı çox mühüm əhəmiyyətli təsisatlardan birinin də milli təhlükəsizlik orqanları olduğunu qeyd edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu orqanların 100 illik yubileyini ölkənin ictimai-siyasi həyatında əlamətdar tarixi hadisə kimi dəyərləndirib.
Zakir Fərəcov xüsusi xidmət orqanlarının ötən dövr ərzində böyük və şərəfli inkişaf yolu keçdiyini bildirib. O, DTX-nın respublikanın inkişafında, təhlükəsizliyinin və sabitliyinin qorunmasında mühüm rol oynadığını vurğulayaraq, ölkəmizin davamlı və dayanıqlı inkişafından söz açıb. Bildirilib ki, Prezident İlham Əliyevin apardığı səmərəli, balanslaşdırılmış siyasət nəticəsində Dünya Bankı tərəfindən hər il hazırlanan “Doing Business” reytinqində Azərbaycan 2018-ci ildə öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq, 190 ölkə arasında 25-ci yeri tutur. Bu nailiyyətlərin əsasında həm də ölkəmizdə qorunub saxlanılar ictimai-siyasi sabitlik durur.
Şəhər icra hakimiyyətinin başçısı Vətənin və xalqın təhlükəsizliyinin qorunmasında müstəsna rolu olan təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini, veteranları, Ulu Öndərin şərəfli məktəbinin davamçılarını yubiley münasibətilə təbrik edib, onlara müqəddəs işlərində uğurlar arzulayıb.
Yığıncaqda, həmçinin Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illik yubileyi münasibətilə xidmətdə fərqlənən DTX Şəhər İdarəsinin bir qrup əməkdaşı və veteranları Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər