Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycanın Xilaskarı” adlı tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və xilaskarıdır. O qeyd edib ki, Ümummilli Liderin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan dövlətçiliyi möhkəmlənib, ölkəmiz inkişaf və sabitlik yoluna qədəm qoyub: “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasəti uğurla davam etdirilir, Azərbaycan beynəlxalq arenada öz mövqeyini daha da gücləndirir, iqtisadi və siyasi baxımdan qüdrətli dövlətə çevrilib”.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışıb. O bildirib ki, məhz Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik təmin olunub, dövlət quruculuğu prosesi sürətləndirilib və Azərbaycanın gələcək inkişafının möhkəm təməli qoyulub. Vurğulayıb ki, bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Sumqayıt şəhərinin inkişafında da bunun nəticələri aydın şəkildə görünür.
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında qeyd edib ki, Heydər Əliyevin dövlətçilik ideyaları Azərbaycan xalqının milli birliyinin və həmrəyliyinin əsasını təşkil edir. O bildirib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün də ölkəmizin tərəqqisinə xidmət edir.
Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Hicran Hüseynova çıxışında Heydər Əliyevin siyasi irsinin Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biri olduğunu bildirib. O vurğulayıb ki, Ümummilli Liderin müəyyən etdiyi siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib.
Tədbirdə çıxış edən şəhid Pərviz Şükürovun atası Sovet Şükürov və ölümündən sonra “Qarabağ” ordeni ilə təltif edilmiş şəhid Şəhriyar Quliyevin həyat yoldaşı Pərvin Quliyeva dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.
Daha sonra sosial media qrupunun üzvlərinə hədiyyələr təqdim olunub. Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonda Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin əməkdaşlarının və sumqayıtlı gənc müğənnilərin ifasında konsert proqramı və rəsmi ziyafətdən ibarət bədii hissə təqdim olunub.








Müzakirə qapadılmışdır.