Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar martın 29-da Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında tədbir keçirilmişdir.
Tədbirin iştirakçıları son yüzillikdə ermənilərin azərbaycanlılara qarşı soyqırımı aktlarından bəhs edən səhnələşdirilmiş kompozisiyaya baxmışlar. Teatrın aktyorları kütləvi qətllərdən, cəza tədbirlərindən epizodları canlandırmış, azərbaycanlıların öz doğma torpaqlarından qovulmasının acınacaqlı səhnələrini nümayiş etdirmişlər. Teatrın baş rejissoru, Respublikanın Əməkdar Artisti Firudin Məhərrəmovun hazırladığı dramaturji kompozisiya Azərbaycan xalqının faciəli tarixinin bütün dövrlərini əhatə etmişdir. Burada səslənən “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan və bu məqsədə nail olmaq üçün heç bir vasitədən çəkinməyən erməni şovinistlərin vəhşilikləri göstərilmişdir. Kompozisiyada ölkə tarixinin unudulmuş səhifələrindən biri – erməni terroruna cavab olaraq XX əsrin əvvəllərində Azərbaycanda yaradılmış “Difai” (“Müdafiə”) partiyasının fəaliyyəti də əks olunmuşdur.
Kompozisiya azərbaycanlılara və türklərə qarşı ermənilərin vəhşiliklərini təsdiq edən slaydların, kinoxronika kadrlarının nümayişi ilə müşayiət olunmuşdur.
Kompozisiya Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasətinin və fəaliyyətinin azərbaycanlılarda doğurduğu müsbət əhval-ruhiyyəni, onların müzəffər gələcəyə inamını əks etdirən səhnələrlə başa çatmışdır.
Ətrabə Rzayeva, AzərTac