Sumqayıtda “Bahar nəfəsli ana dilim” adlı tədbir keçirildi

691

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Xüsusi Ümumi Təhsil Məktəbində Novruz bayramına həsr olunmuş “Bahar nəfəsli ana dilim” adlı tədbir təşkil edilib. Tədbirdə müxtəlif dövlət qurumlarının, təhsil və reabilitasiya mərkəzlərinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsləhətçisi Mehriban Nəcəfova, AXRTİ Sumqayıt sektorunun müdiri İman Ağayev, Sumqayıt Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyeva, Respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova, Musiqi Kollecinin direktoru Səbinə Mehdiyeva, Evdə Fərdi Təhsil Mərkəzinin direktoru Vladim İbrahimov, məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak ediblər.

Məktəbin direktoru Arzu Alızadə çıxış edərək iştirakçıları Yel çərşənbəsi və Novruz bayramı münasibətilə təbrik edib. O, Novruzun xalqımız üçün birlik və bərəkət rəmzi olduğunu vurğulayaraq, bayramın ölkəmizə xoşbəxtlik, firavanlıq və bolluq gətirməsini arzulayıb.

Direktor çıxışında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün təmin edildiyini, bu il xalqımızın işğaldan azad edilmiş torpaqlarda Novruz bayramını böyük coşqu ilə qeyd etdiyini bildirib.

Tədbirin bədii hissəsində xüsusi qayğıya ehtiyacı olan şagirdlər Azərbaycan dilinə və milli dəyərlərimizə həsr olunmuş şeirlər söyləyib, “Yaşa, Azərbaycan” rəqsi, “Novruz gəlir” mahnısı, “Qırmızı papağın nağılı”, “Bayraq rəqsi”, “Vəfalım” rəqsi və digər musiqi nömrələrini təqdim ediblər.

Xüsusilə “Torpaqdan pay olmaz” adlı səhnəciyi və Qarabağ, Lənkəran, Naxçıvan xanlığı səhnəcikləri tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Bundan başqa, süni intellekt texnologiyası ilə hazırlanmış “Zəngəzur dəhlizi” mövzusunda təqdimat tədbirin xüsusi maraq doğuran hissələrindən biri olub.

Tədbirin sonunda çıxış edən qonaqlar təhsilin hər kəs üçün əlçatan olması prinsipinin vacibliyini vurğulayıblar. Onlar qeyd ediblər ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” qanununa əsasən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşın bərabər təhsil almaq hüququ var. Dövlət tərəfindən həyata keçirilən təhsil islahatları çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların da təhsil sisteminə inteqrasiyası üçün müxtəlif proqramlar və layihələr icra edilir.

Bu yanaşma, uşaqların həyat keyfiyyətinin yüksəldilməsinə və onların cəmiyyətə daha fəal şəkildə inteqrasiyasına töhfə verməklə yanaşı, Azərbaycan cəmiyyətinin inkişafına da mühüm təsir göstərir.

Tədbirin sonunda məktəbin həyətində ənənəvi Novruz tonqalı qalanıb, şagirdlər və qonaqlar bayram şənliyində iştirak edərək milli adət-ənənələrimizi yaşadıblar.

Tədbirin xüsusi məktəbdə bu cür peşəkar şəkildə təşkil olunması iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər