Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “05 Mart – Bədən Tərbiyəsi və İdman günü” münasibəti ilə şəhərin idman təşkilatlarının rəhbərləri, bədən tərbiyəsi və idman veteranları, Əməkdar məşqçilər, Dünya və Avropa yarışlarının mükafatçıları, idman növləri üzrə baş məşqçilərin iştirakı ilə tədbir keçirilib.
Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin Sumqayıt şəhərindəki abidəsinin önünə gül dəstələri qoymuşlar. Əlamətdar gün münasibətilə Heydər Əliyev Mərkəzində iştirakçılar Gənclər Evinin uşaq və yeniyetmələrinin rəsmləri ilə tanış olublar.
Sumqayıt şəhər İcra hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü işlərin, uğurlu idman siyasətinin nəticəsində Azərbaycanın bütün bölgələrində möhtəşəm İdman Komplekslərinin tikildiyini, ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan danışıb. Ölkə başçısının həyata keçirdiyi sosial yönümlü, iqtisadi əhəmiyyətli tədbirlər nəticəsində respublikamızın hər yerində olduğu kimi, qısa bir dövrdə Sumqayıt şəhərinin də sosial-iqtisadi və mədəni həyatında davamlı inkişafa nail olunması, Ümummilli liderimizin adına layiq, əzəməti ilə insanı valeh edən möhtəşəm Heydər Əliyev Mərkəzi, memarlıq inciləri olan Şahmat və Uşaq İncəsənət məktəbləri, son dövrün möcüzəsi olan füsünkar Sumqayıt Bulvarının tikilərək sakinlərin istifadəsinə verilməsi haqqında geniş məlumat vermib.
Tədbirdə çıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov bayram münasibəti ilə iştirakçıları təbrik etmiş, dövlətin digər sahələrə olduğu kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin idman sahəsində gördüyü əvəzsiz işlərdən və onun layiqli davamçısı olan, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən, idmançılarımızın iştirak etdiyi mötəbər yarışlardan, ölkəmizdə təşkil edilən Beynəlxalq miqyaslı tədbirlərdən, əldə etdiyi yüksək nailiyyətlərdən və bu nailiyyətlərin qazanılmasında Sumqayıt idmançılarının özünəməxsus payı olmasından danışdı. E.Hümbətov çıxışını davam edərək Ölkə başçısı cənab İlham Əliyevin iştirakı, şəhər İcra hakimiyyəti başçısının rəhbərliyi altında sosial obyektlərin istifadəyə verilməsi, paralel olaraq şəhərin görkəminin dəyişməsi Sumqayıtda çoxsaylı respublika və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkil edilməsinə münbit şərait yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
“Əməkdar Bədən Tərbiyəsi və idman xadim”ləri Məmməd Eyvazov, Əhməddin Rəcəbli, Qərib Əliyev, cüdo üzrə iki qat paralimpiya çempionu İlham Zəkiyev və Azərbaycan Qol Güləşi Federasiyasının Sumqayıt şəhəri üzrə yerli nümayəndəsi Zöhrab Mənsimov Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, şəhər icra Hakimiyyəti və adiyyatı üzrə idman Federasiyaları tərəfindən bədən tərbiyəsi və idman sahəsində gördüyü məqsədyönlü işlər və bu işlərin şəhərdə uğurla davam etdirilməsini vurğuladılar.
Sonra İlham Zəkiyevin anadan olması və “Azərbaycan Respublikasının Əməkdar Məşqçisi” fəxri adının alması münasibətilə təbrik edilib. Sumqayıt şəhərində bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə bir qrup məşqçi-müəllimlər Baş İdarənin Plaketi, rəsm sərgisinin iştirakçıları sertifikatlarla təltif ediliblər.
Bayram münasibəti ilə idmanın futbol, cüdo və sərbəst güləş növləri üzrə müxtəlif yaş qruplarında yarışlar keçirilmişdir ki, bu yarışlara 500-ə yaxın iştirakçı cəlb olunub.