Sumqayıt şəhərində Gənclər və İdman Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan kikboksinq idman növünün K-1 üslubu üzrə peşəkarlararası beynəlxalq turnir keçirilib.
Turnir Sumqayıt şəhərindəki dənizkənarı bulvar ərazisində baş tutub.
Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Faiq Kərimov və Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev beynəlxalq turniri açıq elan edərək idmançılara uğurlar arzulayıblar.
Turnirdə Azərbaycanın 17, Gürcüstanın 2 və Pakistanın 1 idmançısı olmaqla, ümumilikdə, 20 peşəkar kikboksinq ustası reytinq döyüşlərində mübarizə aparıb. Kikboksçular yeddi çəki dərəcəsində və beynəlxalq kikboksinq qaydalarına uyğun olaraq qələbə uğrunda yarışıblar.
Turnirdə 57, 60, 63, 67, 75, 86 kiloqram və 91 kiloqramdan yuxarı çəki dərəcələrində yüksək ustalığa malik peşəkar kikboksçular mübarizə aparıblar.
Turnirdə, həmçinin K-1 üslubu üzrə dünya oyunları kəməri, Azərbaycan kəməri və Dünya Kikboksinq Təşkilatları Assosiasiyası-WAKO-PRO versiyası üzrə K-1 üslubunda qitələrarası kəməri uğrunda üç döyüş keçirilib.
Qeyd olunub ki, turnirin keçirilməsində məqsəd kikboksinq idman növünün təbliği, gənclərin sağlam və milli ruhda yetişməsidir.
Xatırladaq ki, ötən il Sumqayıtda 28 May – Respublika Gününə həsr edilmiş kikboksinq üzrə peşəkarlar arasında turnir təşkil edilib.
Sumqayıtda beynəlxalq kikboksinq turniri keçirilib – FOTOLAR
•
889