Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunda (Sumqayıt) ümumi işlərin 99,9%-i tamamlanıb.
“Report” xəbər verir ki, bu barədə SOCAR-ın sosial şəbəkədəki rəsmi səhifəsində qeyd edilib.
“SOCAR-ın bu il istismara veriləcək Karbamid Zavodunda ümumi işlərin 99,9%-i tamamlanıb. Hazırda zavodda sınaq-sazlama işləri aparılır”,- məlumatda qeyd edilib.
Qeyd edək ki, zavodun ərazisi 39,27 hektar təşkil edir. Müəssisədə gündəlik 1200 ton ammonyak, 2 min ton karbamid istehsal olunacaq. Zavodun Karbamid istehsalının illik həcmi 650-660 min ton olacaq. Bunun 150-200 min tonu daxili bazar üçün, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulub. İxracda Türkiyə əsas marşrut olacaq.
Bu zavod Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” (2008-2015-ci illər) və “Sənayenin inkişafına dair Dövlət Proqramı” (2015-2020-ci illər) çərçivəsində həyata keçirilir. 2013-cü il martın 13-də SOCAR və “Samsung Engineering Co. Ltd.” (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı müəssisəsinin inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində “Samsung Engineering” şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək “açar təhvili” əsasında müəssisəni tam istifadəyə hazır şəkildə SOCAR-a təhvil verəcək. Zavodun ammonyak və karbamid istehsalı üzrə lisenziarları müvafiq olaraq “Haldor Topsoe” (Danimarka) və “Stamicarbon B.V” (Niderland) şirkətləridir. Layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri Finlandiyanın “Neste Jacobs Oy” şirkəti tərəfindən yerinə yetirilir.