12 iyun 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “15 iyun – Milli Qurtuluş Günü”nə həsr edilmiş “Bütöv Azərbaycan” adlı dəyirmi masa keçirilmişdir.
İştirakçılar ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, sonra Mərkəzin foyesində Ulu Öndərin Azərbaycan uğrunda xilaskarlıq missiyasından bəhs edən filmi izləmişlər. Dəyirmi masa zalında davam edən tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Elgün Hümbətov Milli Qurtuluş gününün tarixi əhəmiyyətindən, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən, Azərbaycan dövlətinin siyasi, iqtisadi əsaslarını yaratdığından, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallaşdırdığından, fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrildiyindən danışmışdır. Natiq həmçinin çıxışında Heydər Əliyevin Sumqayıt şəhərinə səfərlərindən, bu səfərlərin tarixi izlərindən, bütün sahələrdə canlanmaya və hər tərəfli inkişafa səbəb olduğundan danışmışdır.
Digər çıxış edənlər Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Tərlan Hacızadə, Sumqayıt “ASAN xidmət” mərkəzinin əməkdaşı Nigar Qocayeva, 31 saylı tam orta məktəbin tarix müəllimi Raqif Şirinov, Gənclər Evinin direktoru Pəri Vəliyeva Ümummilli Liderin fəaliyyətinin xalqın, dövlətin mənafeyinə xidmət etdiyini, Azərbaycanın bütövlüyü uğrunda fədakarlıqla çalışdığını və bu gün hər bir Azərbaycan gənci Ulu Öndər Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmalı olduğunu, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqilliyimizin əbədi yaşaması üçün ona dəstək olmağın vacibliyini bildirdilər.