İlin sonuna kimi SOCAR-ın Sumqayıtdakı Karbamid zavodunda ammonyak (aralıq məhsul) istehsalına başlanılacaq. Fins.az xəbər verir ki, bu barədə eksklüziv açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. “Cari ilin sonuna qədər Karbamid zavodunda ammonyak istehsalına başlanılacaq. Gələn ildən zavodda karbamid istehsalı həyata keçiriləcək. Zavodun tam gücü ilə işə salınması isə gələn ilə planlaşdırılır”, – deyə İ.Əhmədov əlavə edib.
Qeyd edək ki, Karbamid zavodunda ümumi işlərin 99,9 faizi tamamlanıb. Hazırda zavodda sınaq-sazlama işləri aparılır. Karbamid zavodunun inşası layihəsi “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən hazırlanıb. Zavodun inşası zamanı 3 min nəfər, müəssisə fəaliyyətə başladıqdan sonra isə 350-400 nəfər daimi işlə təmin olunacaq. Ötən ilin yanvarında SOCAR “Karbamid zavodu” layihəsinin maliyyələşdirilməsi üçün Koreya Respublikasının “İxrac-İdxal Bankı”ndan vəsait cəlb edib. Bank zavodun inşasına 500 milyon avro məbləğində kredit ayırıb.
Finlandiyanın “Neste Jacobs Oy” şirkəti “Karbamid zavodu” layihəsi üzrə layihənin idarəedilməsi və müstəqil təftiş xidmətləri göstərir. Layihənin ümumi dəyəri təxminən 750 milyon avro təşkil edir. Karbamid zavodunun illik gəlirinin 140-150 milyon dollar olması planlaşdırılır.