Sumqayıtda dəniz sahilində suiti cəsədləri peyda olub

861
İyunun 15-də Publika.Az-ın əməkdaşı Sumqayıtda dəniz sahilində dəhşətli mənzərənin şahidi olub. Dəniz sahilində bir neçə suiti cəsədi ilə rastlaşan jurnalist bu faktı lentə alıb.
Foto və videolardan da göründüyü kimi, suiti cəsədləri sahilə təzə çıxıb. Lakin bəzilərinin cəsədləri yırtıcı quşlar tərəfindən parçalanıb. Bunun nəticəsində isə ətrafa dəhşətli qoxu yayılıb.
 Bu acı mənzərəni görən insanlar heç nə olmayıbmış kimi 50-100 metr kənarda çimib istirahət edirlər. Onların arasında uşaqlara da rast gəlmək olar.
Ətrafda olan Sumqayıt sakinlərinin əməkdaşımıza verdiyi məlumata görə, şəhərdəki kimyəvi məhsullar istehsal edən zavodların çirkab suları təmizlənmədən birbaşa dənizə axıdılır.
Nəticədə zaman-zaman dəniz heyvanları tələf olaraq sahilə çıxır. Bəzi sakinlər isə iddia edir ki, suitilər əsasən İranla sərhədə daha yaxın ərazilərdə yaşayır. Lakin İran tərəfinin dənizə axıtdığı zəhərli məhsullardan qaçan suitilər dənizdə tələf olaraq cəsədləri sahilə çıxır.
Bu cür hallar Sumqayıt çimərliklərində daha çox müşahidə olunur. Əməkdaşımızın qeyd olunan ərazidə apardığı müşahidələrdən məlum olub ki, Sumqayıtda şəhər istiqamətindən dənizə bir neçə yerdən çirkab sular axıdılır.
Suiti cəsədləri də məhz həmin çirkab suların dənizə töküldüyü yerdə sahilə çıxıb. Adının çəkilməsini istəməyən Sumqayıt sakininin dediyinə görə, suitilər kanalizasiya vasitəsilə dənizə axıdılan müxtəlif tullantıları qidalanmaq üçün yeyir.
Bu zaman kanalizasiya yolu ilə dənizə axıdılan kimyəvi maddələr həmin tullantılara qarışdığı üçün suitiləri zəhərləyib öldürür. Suitilər adətən axşam vaxtları, dəniz sahilində insanlar olmayanda sahilə yaxınlaşıb bu tullantıları yeyərkən tələf olurlar.
Burda qəbulu mümkünsüz bir məsələ də var ki, Sumqayıtın əlaqədar təşkilatları suiti cəsədlərini dəniz sahilindən yığışdırmır, buna görə də sahildə anti-sanitariya vəziyyəti hökm sürür. Üstəlik, əhalinin də bu ərazidə çimməyinə heç kim qadağa qoyulmur. Qadağa qoyan yalnız bir lövhə var: “Burada çimmək qadağandır…”
Yerə gəlmişkən, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə üzrə yararsız çimərliklərin siyahısını açıqlayıb. Bu siyahıda Sumqayıtın da bir neçə çimərliyinin adı var.
 Elməddin
Publika.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər