Sumqayıt şəhərində 28 dekabr – “Vəkil Günü” peşə bayramı və Sumqayıt şəhərinin 75 illiyinə həsr olunan “Dünya Vəkil Cübbələri və Atributları” sərgisi keçirilib.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Sumqayıt Regional Vəkil Bürosu, “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov, millət vəkili Tahir Mirkişili, hüquq mühafizə orqanlarının rəhbərləri, Sumqayıt Şəhər Məhkəməsinin nümayəndələri, vəkillər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Öncə tədbir iştirakçıları Vəkillər Kollegiyasının üzvü Kamandar Nəsibovun şəxsi kolleksiyasında yer alan dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil, hakim cübbəsi və atributlarla tanış olublar. Məlumat verilib ki, cübbələr müxtəlif ölkələrin Vəkil Kollegiyaları, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Səfirlikləri və xarici ölkələrdə yaşayan həmyerlilərimizin dəstəyi və səyi nəticəsində əldə edilmişdir.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 28 dekabr – “Vəkil Günü” peşə bayramı münasibətilə vəkilləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Zakir Fərəcov bildirib ki, Sumqayıtın 75 illik yubileyinin qeyd edildiyi bir zamanda belə bir sərginin keçirilməsi şəhərin hüquqi sahədə də mühüm bir mərkəz kimi tanındığını sübut edir.
Şəhər rəhbəri çıxışında ölkəmizdə sabitliyin bərpasında hüquq-mühafizə orqanlarının və vəkillik institutunun əvəzsiz rolunu xüsusi vurğulayıb. O qeyd edib ki, vəkillik institutu hüquq sisteminin vacib tərkib hissəsi olmaqla, vətəndaşların hüquqlarının qorunmasında və ədalətin təmin olunmasında mühüm missiya daşıyır. Sumqayıtda bu istiqamətdə fəaliyyət göstərən vəkillərin peşəkarlığı və hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlığı şəhərdə qanunun aliliyinin təmin olunmasına və ictimai sabitliyin möhkəmləndirilməsinə böyük töhfə verir.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov sərgidə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı vəkilliyin tarixində dönüş yaradıb. Sərəncamda qeyd olunur ki, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti var. Bu, bizim üçün bir çağırış oldu. Biz də öz fəaliyyətimizi o çağırışa uyğun qurmağa çalışırıq. Hazırda Sumqayıtda 60-a yaxın vəkil fəaliyyət göstərir. 2018-ci ildə bu rəqəm 14 idi. Şəhərdə vəkillərin sayı bundan sonra da artmaqda davam edəcək.
Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı çıxışında ölkəmizdə vəkillik sahəsində əldə olunan inkişafdan danışaraq, bu prosesə dəstək verən bütün qurumlara və şəxslərə dərin təşəkkürünü bildirib. O, Sumqayıt Regional Vəkil Bürosunun da bu inkişafda mühüm rol oynadığını qeyd edərək, tədbirin təşkilinə dəstək olan Azərbaycan Vəkillər Kollegiyasına, Sumqayıt şəhər İcra Hakimiyyətinə və “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosuna minnətdarlığını ifadə edib. Anar Qasımlı vurğulayıb ki, belə tədbirlər vəkillik peşəsinin nüfuzunun artırılmasına və vəkillərin peşəkar bacarıqlarının genişləndirilməsinə mühüm töhfə verir.
Millət vəkili Tahir Mirkişili, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev və Əməkdar hüquqşünas İkram Kərimov çıxışlarında sərginin əhəmiyyətini vurğulayıb və vəkilləri Peşə Bayramı münasibətilə təbrik ediblər. Çıxışçılar hüquq sistemində vəkillik institutunun mühüm rolunu xüsusi qeyd edərək, bu sahədə çalışan peşəkarların hüquq və ədalətin qorunmasında əvəzsiz xidmətlər göstərdiklərini bildiriblər.
Müzakirə qapadılmışdır.