Sumqayıtda dünyaya göz açan müəllimənin ürək dağlayan həyat hekayəsi

1945

“Bir evin möhkəm olması üçün onun təməli sağlam olmalıdır. Biz də uşaqların həyatının təməl daşlarını düzürük”

Elə insanlar var ki, onların həyat hekayəsini dinləyəndə öz taleyinə görə Tanrıya təşəkkür edirsən. Budəfəki qəhrəmanımız da elələrindəndir. Yaşatmaq naminə yaşayan, müəllimliyi seçərək ömrünü başqalarının uşaqların həsr etmiş bu insanın çox ağrılı həyat hekayəsi var.

Afər Abdullayeva Quba rayonunun Cağacıq kənd orta məktəbində 19 ildir pedaqoji fəaliyyətlə məşğuldur. 1980-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. Hələ uşaq ikən həyat onun üzünə gülməyib. İki yaşı tamam olmamış atasını itirən Afər müəllim öz kədərli və çətin uşaqlıq, gənclik illəri haqqında Sputnik Azərbaycan-a danışıb: “İki yaşım tamam olmamış atam suda boğuldu. Hələ də onun ölümü bizə müəmmalı qalıb. Atam dünyasını dəyişəndən sonra həyatımıza, evimizə, sanki qara buludlar çökdü”.

Afər müəllim deyir ki, anasını çox qınayıblar, əvvəl tək olduğuna, sonra ikinci dəfə ailə qurduğuna və nəhayət, ailəsini dağıtdığına görə

“Anam iki uşaqla ortalıqda qalmışdı. Bilmirdi ki, işə getsin, yoxsa bizə baxsın. Məcburiyyət üzündən ikinci dəfə ailə qurdu, o nikahdan da bir qız övladı oldu. Təəssüflər olsun ki, anamın ikinci ailə həyatı da uğurlu alınmadı. Atasızlıq bir yana, pis atalığın təhqiramiz sözlərinə, hərəkətlərinə dözməyimiz çox dəhşətli idi. Məhz bu səbəbdən anamın ikinci ailəsi dağıldı.  Həmin hadisələr ən ağrılı günlərimiz olub” – deyə o bildir

Afər müəllim deyir ki, anasını çox qınayıblar, əvvəl tək olduğuna, sonra ikinci dəfə ailə qurduğuna və nəhayət, ailəsini dağıtdığına görə. Bu qınaqlar indi də Afər müəllimin həyatına, ailəsinə toxunur. Amma bilir ki, anası övladlarına görə hansı əzablara dözüb, nələr çəkib.

Bütün yaşadıqlarına baxmayaraq, onlar məktəbdə yaxşı oxuyublar: “Düzdür, şagird olanda geyimimizdə, yeməyimizdə məktəb yoldaşlarımızdan seçilirdik. Köhnə paltarla dərsə gedirdik,  Amma oxumaqda, tərbiyədə onlardan üstün olmağa çalışırdıq”.

Afər Abdullayeva 19 ildir pedaqoji fəaliyyətlə məşğuldur

Məcburi yalan…

Həmsöhbətimiz məktəb illəri ilə bağlı xatirələrini yada salmaq istəmir. Çünki ürəkaçan heç nə olmayıb: “O vaxt metro jetonla işləyirdi. Məndə də cəmi 1 jeton olurdu, qayıtmağa jeton almağa isə pulum olmurdu. Mən də düşündüm ki, jetonu yarı bölsəm, həm gedə, həm də qayıda bilərəm. Yarımçıq jetonu atanda nəzarətçi yaxınlaşdı və mənə irad tutdu. Mənsə guya bilmədən elədiyimi dedim. Ətrafda hamı mənə baxırdı. O günü heç vaxt unutmaram. Yalan danışdığımın utancından həmin gecəni səhərəcən ağlamışdım. O gündən özümə söz verdim ki, nə olursa, olsun, bir də yalan danışmayacam, ac qalsam belə”.

Onun arzusunu gerçəkləşdirdim…

Müsahibimizin dediyinə görə, uşaq vaxtı anasına atasıyla bağlı çox suallar verirmiş. Lakin nədənsə anası cavablamaqdan qaçırmış: “Mən də elə düşünürdüm ki, atamı sevmədiyinə görə danışmaq istəmir. Böyüyəndən sonra başa düşdüm ki, danışanda özü də əzab çəkirmiş”.

“Anam bir dəfə dedi ki, “atan səni hər dəfə oxşayanda “qızım müəllimə olacaq” deyirdi”. Bu söz mənim peşə seçimimə təsir etdi. O gündən atamın arzusunu həyata keçirməyi qarşıma məqsəd qoydum və məqsədimə də çatdım. Hər dəfə uşaqlara nə isə öyrədəndə, elə bilirəm atamın ruhu şaddır. Xoşbəxtəm ki, atamın arzusunu yerdə qoymadım və belə müqəddəs peşəyə yiyələndim” – deyə, Afər müəllim köks ötürüb.

Künc-bucaqda gizli-gizli ağlamaqla keçən uşaqlıq

Heç vaxt uşaqlıq illərinə qayıtmaq istəməyən qəhrəmanımızın dediyinə görə, adamların ona yazıq uşaq kimi baxmasını hələ də unuda bilmir: “Yaş yarımlıq olanda atamı itirmişəm. Atasızlığı isə ilk dəfə bağçada hiss etmişəm. Hamı atasıyla gəlirdi, mən də onlara həsrətlə baxırdım. Onu da deyim ki, məndən heç vaxt atamın öldüyünü gizlətməyiblər. Atamı tez-tez yuxuda görürəm. Mən ev tikəndə, ailə quranda yuxuma gəldi və xeyir-dua verdi”.

““Ata necə olur?”, “atalı uşaqlar necə böyüyür?”, “qız atanı, ata da qızı necə sevməlidir!” kimi sualların cavabını ancaq kitablarda tapdığını deyən Afər müəllim düşünürmüş ki, böyüdükcə ata həsrəti bitəcək. Amma əksinə olub, böyüdükcə atasızlığın ağrısını daha çox hiss edib.

Kənd həyatı onun üçün çox çətin olsa da, öhdəsindən gəlməyi bacarıb

Quru çörəyə möhtac tələbəlik

Anası övladlarının ali təhsilli olmasını, vətənə, cəmiyyətə yararlı vətəndaş kimi böyüməsini istəyib. Afər xanımın və onun qardaşının ali təhsil almasına kömək edib. Onlar tələbə olanda anası qışda belə, yay geyimi ilə işə gedirmiş: “Bəzən bir neçə gün iş olmurdu. Anam qonşudan bizim məktəbə getməyimiz üçün utana-utana pul istəyirdi. Deyirdi ki, bircə siz dərsdən qalmayın. Pulumuz olmadığından heç vaxt kollektivlə gəzintiyə, teatra getmirdik. Soruşanda da deyirdik ki, gedəcək yerimiz var, və ya haramızsa ağrıyır”.

“Qardaşım səhər oxuyurdu, axşam dəri sexində işləyirdi. O, çörək alıb evə gələndə sevinirdik ki, qarnımız doyacaq. Əliboş qayıdanda, sanki üstümüzə qaranlıq çökürdü. Axı quru çörəyə həsrətlə baxırdıq. Əziyyətlə də olsa, oxuyub ali təhsilimizi başa vurduq” – deyə o qeyd edib.

Afər xanım ali məktəbi bitirəndən sonra, 2000-ci ildə təyinatla Quba rayon Cağacıq kənd ibtidai məktəbinə müəllim göndərilib. 19 ildir burada çalışır. İşə yeni başlayanda maaşını qənaətlə işlədirmiş ki, gələcəkdə ailə həyatı quranda cehiz almağa pulu olsun. Sonra o, anasının məsləhəti ilə ailə həyatı qurub. Kənd həyatı onun üçün çox çətin olsa da, öhdəsindən gəlməyi bacarıb.

Afər müəllimin bir oğlan, iki qızı var

“Qadın gərək güclü olsun, insanların, problemlərin qarşısında əzilməsin. Ailə quran gündən çalışdım ki, özümü doğruldum. Üç övladım dünyaya gəldi: bir oğlan, iki qız. Mən artıq onlar üçün yaşamalı idim. Ailəmi dağıtmamaq üçün bütün çətinliklərə dözmüşəm. Atasızlığın nə olduğunu görmüşdüm və övladlarıma da bunu yaşada bilməzdim. Xoşbəxtliyimi övladlarımda görürəm” – deyir Afər müəllim.

Kənd həyatına uyğunlaşma onun illərini alıb

Cağacıq kəndinin, gəlin getdiyi ailənin o qədər ağır adətləri olub ki, Afər xanım əvvəllər lap “başını itirib”. Dözə bilmədiyindən xəlvətə çəkilib ağlayırmış. Amma getdikcə bu adətlərə alışıb: “Təzə gəlin olanda ocaq qalamaq, xəmir yoğurmaq kimi işlərdən tam xəbərsiz idim. Ocaq qalayanda o qədər əlimi yandırmışam ki. Məktəbə gedəndə əllərimi uşaqlardan gizlədirdim ki, yaraları görməsinlər. Çörəyi yandıranda oturub ağlayırdım ki, qaynanam nə deyəcək?”

Təzə gəlin olanda ocaq qalamaq, xəmir yoğurmaq kimi işlərdən tam xəbərsiz idim

İndi o illər arxada qalıb. Afər müəllim ömrünü başqalarının uşaqlarının təlim-tərbiyəsinə həsr edib. Deyir ki, başqalarının uşaqlarını sevmək, onları gələcəyə yönəltmək cəsarət tələb edir: “Mən hər dəfə sinfə girəndə düşünürəm ki, dünyanın ən saf varlıqları ilə işləyirəm. Kənddə kimsə mənim qəlbimə toxunanda, acığını onun uşağından çıxmamışam, varlı-kasıb fərqi qoymamışam. Çünki uşaqlar günahsızdırlar,  təmizdirlər”.

Həmsöhbətimizin fikrincə, təhsildə ibtidai sinif müəllimlərinin də üzərinə ağır yük düşür: “Bir evin möhkəm olması üçün onun təməli sağlam olmalıdır. Biz də uşaqların həyatının təməl daşlarını düzürük. Bəlkə də bir sözümüz onların gələcəyinə təkan verəcək, yaxud da tam dəyişəcək. İnanıram ki, bütün müəllimlər uşaqlara münasibətdə əllərini vicdanlarına qoyaraq hərəkət edəcəklər”.(sputnik.az)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər