Koronavirus pandemiyasına qarşı tədbirlərin məqsədyönlü şəkildə həyata keçirildiyi Sumqayıt şəhərində xüsusi karantin rejimi qaydalarına ciddi riayət olunur. “Evdə qal – sağlam qal!”, “Biz birlikdə güclüyük!” şüarlarının gündəmdən düşmədiyi hazırkı vaxtda şəhər icra hakimiyyətinin həyata keçirdiyi humanitar aksiyalar sakinlər tərəfindən razılıqla qarşılanır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirakı və dövlət başçısının oradakı nitqində xalqa müraciəti sumqayıtlılarda böyük ruh yüksəkliyi yaradıb. Artıq istehsalı qaydaya düşmüş bu müəssisənin sayəsində apteklər kifayət qədər tibbi maska ilə təchiz olunub. Spirt, qoruyucu əlcək kimi vasitələr sarıdan da şəhərdə qıtlıq yoxdur. Zəruri qabaqlayıcı tədbirlərin görülməsi, müntəzəm təmizlik və dezinfeksiya işlərinin aparılması nəticəsində bütün ölkəmizdə olduğu kimi, Sumqayıtda da koronavirusun yayılması vüsət almayıb.
Şəhər rəhbərliyinin təşəbbüsü ilə müəyyən olunmuş siyahılar əsasında aztəminatlı ailələrə, 65 yaşdan yuxarı tənha və ehtiyacı olan şəxslərə gündəlik qayğı göstərilir. Onlara 50 kiloqramlıq ərzaq məhsullarından ibarət yardım sovqatları öz evlərində təqdim olunub. Ümumilikdə, 5 mindən çox ərzaq bağlamaları paylanılması nəzərdə tutulub. Ayrı-ayrı qurumlar, imkanlı şəxslər də aksiyaya həvəslə qoşulublar. İcra hakimiyyətində yaradılmış “164” qaynar xətti isə sosial-məişət qayğıları ilə bağlı müraciət edən vətəndaşlar üçün bütün gün ərzində açıqdır.
Bir neçə gün öncə Çinin Mienyen şəhərindən Sumqayıta humanitar yardım göndərilib. Humanitar yardıma tibbi ləvazimat və xüsusi qoruyucu vasitələr daxildir. Qeyd edək ki, ötən ay Çinin Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Mienyen və Sian şəhərlərindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında bu şəhərlərə tibbi ləvazimatlar göndərilmişdi. Humanitar yardıma görə həmin şəhərlərdən Sumqayıta təşəkkür məktubları da ünvanlanmışdı.
Hazırda Sumqayıtda 200 yerlik müasir səyyar tibb ocağı da tikilir. Bu obyekt Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, koronavirus pandemiyasına qarşı mübarizənin daha da gücləndirilməsi üçün inşası nəzərdə tutulan modul tipli xəstəxanalardandır. Bu obyekt Gənclik şəhərindəki Heydər Əliyev prospektində yerləşən 1 saylı xəstəxananın ərazisində, yığma texnologiyalar əsasında quraşdırılır.
Səyyar xəstəxana 3 bölmədən ibarət olacaq. Hazırda binanın qurulması üçün özül-beton örtüyü artıq hazırdır. Əraziyə su, təbii qaz və elektrik enerjisi xətti də çəkilib. Xəstəxana 100 palatadan ibarət olacaq. Palataların hər biri süni tənəffüs aparatı və digər zəruri avadanlıqla təchiz ediləcək.
Tikintinin sahə rəisi, qardaş Türkiyədən gəlmiş mütəxəssis Oğuzxan Yılmazın dediyinə görə, xəstəxana hər palatada iki yataq yeri olmaqla, ümumilikdə 200 çarpayılıq olacaq. Burada 3 korpus quraşdırılacaq. Xəstəxananın bir aya istifadəyə verilməsi nəzərdə tutulur.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri