Sumqayıtda elmi-praktik konfrans keçirilib – FOTO

1159

YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında Prezident İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ilinə həsr olunmuş “Ata vəsiyyətini yerinə yetirən sərkərdə” adlı elmi-praktik konfrans keçirilib.

Konfransda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt Dövlət Universitetinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasınının müdiri Şirxan Səlimov, ərazi ilk partiya təşkilatlarının sədrləri və siyasi fəallar iştirak edirdilər.

Konfrans Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov çıxışında siyasi proseslərə nəzər salaraq, Azərbaycanın XXI əsrin son 20 ilində qazandığı möhtəşəm uğurların Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, məhz ölkə başçısının strategiyası və siyasi iradəsi sayəsində Azərbaycan dünyanın ən uğurlu gənc dövləti imicini qazanıb. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini təmin etdiyini söyləyən sədr vurğulayıb ki, bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Beləliklə, ötən 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini, bütün sahələrdə nailiyyətlər əldə edildiyini bildirən Ramiz Hüseynov qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi Qələbənin memarı da məhz Ali Baş Komandan İlham Əliyevdir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında bildirib ki, Vətən müharibəsində qazanılan böyük Qələbə Azərbaycan Prezidentinin Qarabağ uğrunda Zəfər salnaməsi – parlaq səhifəsidir. Bu Zəfər Ali Baş Komandan İlham Əliyevin Qələbə əzminin, sarsılmaz iradəsinin, qətiyyətli praqmatik siyasətinin, hərbi-sərkərdəlik məharətinin qanunauyğun nəticəsidir. Bu Qələbə Prezident İlham Əliyevin simasında Azərbaycanda yaranmış “dəmir yumruq” kimi möhkəm xalq-iqtidar birliyinin həlledici uğurudur, İlham Əliyevin müdrik siyasəti nəticəsində hər cəhətdən inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin qələbəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı qarşıdakı illərdə də davam edəcək, işğaldan azad olunmuş torpaqlarımız çiçəklənəcək.

Sumqayıt Dövlət Universitetinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri Şirxan Səlimov çıxışında vurğulayıb ki, son 20 ildə Azərbaycan daxili və xarici siyasətdə böyük uğurlar qazanıb. Bu uğurlar bir daha sübut etdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu və Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir. Ümummilli Liderin başladığı və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir.

Daha sonra Sumqayıt şəhər Perinatal Mərkəzin baş həkimi Təranə Rəcəbli, Partiya fəalı Nazilə Cəlilova çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dinamik inkişaf və möhkəm ictimai-siyasi sabitliyin fonunda gələcəyə doğru əmin addımlarla irəlilədiyini bildirdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər