Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən “Rənglərin dili ilə” gənc rəssamlara dəstək layihəsinin təqdimatı olub. Fonddan APA-ya verilən məlumata görə, gənc rəssamların və media nümayəndələrinin qatıldığı təqdimatda layihə çərçivəsində görüləcək işlər barədə məlumat verilib. Layihənin icraçısı Vüsal Məmmədov bildirib ki, layihə iki istiqaməti əhatə edir. İlk olaraq gənc rəssamların sərgisi təşkil olunacaq, daha sonra isə həmin rəssamların əsərlərinin və bioqrafiyalarının toplandığı dərgi çap ediləcək.
Bildirilib ki, layihə çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək gənc rəssamların informasiya bazası yaradılıb. Qeyd olunub ki, layihənin məqsədi gənc rəssamların istedadlarının üzə çıxarılması, onların stimullaşdırılması və rəssamlıq sənətinin inkişafına fayda verməkdir.
Qeyd edək ki, gənc rəssamların sərgisi may ayının 11-də Sumqayıt şəhər Rəsm Qalereyasında açılacaq.