Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 22 fevral 2019-cu il tarixində Sumqayıt Dövlət Dram Teatrında gənclər üçün “Narkoman” adlı teatr tamaşası nümayiş olunub. Tədbirin keçirilməsində məqsəd gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, sağlam gənc nəslin yetişdirilməsi, vətənpərvər, müasir Sumqayıt gəncliyinin formalaşdırılmasına nail olmaqdır.
Əvvəlcə iştirakçılar “Narkotiksiz Gənclik” adlı rəsm sərgisinə baxış keçirmiş və Tetatrın gənc aktyorlarının ifasında “Narkoman” tamaşasını izləmişlər.
Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov çıxışında ölkədə aparılan uğurlu siyasətin nəticəsi olaraq son illər Respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatların da fəallığının artıdığını, gənclərin sağlamlığının qorunması istiqamətində əhəmiyyətli tədbirlərin icra olunduğunu qeyd etmişdir. Həmçinin Sumqayıtın son illər ərzində əsaslı inkişafından, aparılan geniş miqyaslı quruculuq-abadlıq işlərindən, şəhər rəhbərliyinin gənc nəslə diqqət və qayğısından danışmışdır. Bildirildi ki, Baş İdarə tərəfindən şəhərin 70 illik yubleyi münasibətilə Tədbilər Planı hazırlanmış və gənclərin sağlam həyat tərzinə təşfiqi istiqamətində tədbirlər mütəmadi olaraq keçiriləcəkdir.
Digər çıxış edənlər şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov, Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov, Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşı Bəbir Alxanov narkomaniya əlehinə keçirilən tədbirlərin vacibliyindən, narkomanların taleyi, narkomaniyanın fəsadları və nəticələrindən, ondan qorunmağın yollarından, bu dəhşətli bəla ilə mübarizə istiqamətində birgə əməkdaşlığın vacibliyindən danışmışlar.
Tədbirdə iştirakçılara narkomaniyaya qarşı maarifləndirici xarakterli bukletlər paylanılmışdır.