Oktyabrın 19-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, Sumqayıt Gənclər Evi, Sumqayıt Gənclər Klubu, Gənclərin İnkişaf Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı, Sumqayıt Musiqi Kolleci və Sumqayıt Dövlət Texniki Kollecinin təşkilati dəstəyi ilə “Vətən bizdən başlayır” adlı tədbir baş tutub.
44 günlük Vətən Müharibəsinə həsr olunmuş tədbirdən öncə təşkilatçılar Sumqayıt şəhər Şəhidlər Xiyabanını ziyarət etmiş, şəhidlərin məzarları üstünə qərənfillər düzərək qəhrəmanlarımızın unudulmaz xatirəsini hörmət və ehtiramla anmışlar.
100-dən çox gəncin iştirak etdiyi tədbir dövlət himninin oxunması və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb, gənclərin vətənpərvərlik mövzusunda hazırladığı səhnəciklər, canlı ifalar, videoçarx, şeirlər və digər kompozisiyalar təqdim olunub.
İcra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxışı zamanı Azərbaycan gəncliyinin son dövrlərdə qazandığı uğurlardan, ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində əldə etdiyi şanlı qələbədən danışıb.
Milli Məclisin deputatları Hicran Hüseynova və Müşfiq Məmmədli gənclərə uğurlar arzulayıb, İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmizin gənclərin tərbiyə işində əsas rol oynamalı olduğunu qeyd edib, Prezident İlham Əliyevin uğurlu gənclər siyasətindən bəhs ediblər.
Şəhid Tərlan Rzayevin anası Simnarə xanım çıxışında gənclərin vətənpərvər ruhda yetişdirilməsinin vacibliyini vurğulayaraq, şəhidlərin xatirəsinin yaşadılması üçün bu tipli silsilə tədbirlərin vacib olduğunu qeyd etmişdir. Daha sonra çıxış edən qazi Nicat İsmayılov Vətən Müharibəsi dövründə xüsusi rəşadət göstərmiş Azərbaycan ordusunun misilsiz hərbi əməliyyatları barədə tədbir iştirakçılarına məlumat vermiş, Ali Baş Komandanın rəhbərliyi altında müharibənin hərbi-siyasi yollarla həll edildiyini, Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını qürur hissi ilə vurğulamışdır.
Tədbirin bədii hissəsində Sumqayıt Gənclər Klubunun sədri Emil Məmmədov “Vətən bizdən başlayır” təqdimatını etmiş, Tunar Əhmədzadə əsgər məktubu, Aliyə Əlizadə Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasından bir hissə səsləndirmişdir. Daha sonra Qəşəm Cəfərovun ifasında “Torpağın səsi” mahnısı və Sumqayıt Musiqi Kollecinin tələbələrinin ifasında “Xudayar Təsnifi” ilə tədbirin bədii hissəsi yekunlaşmışdır.