Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş müdirini öldürməkdə təqsirləndirilən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
“Report”un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası sentyabrın 25-nə təyin edilib.
İttiham aktına görə, bu il may ayının 24-də Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Vüqar Ənvər oğlu Quliyev öz işçisi V.Novruzov tərəfindən bıçaqlanıb. V.Quliyev Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, mərhum V.Quliyev Sumqayıtda gül biznesi ilə məşğul olub və onun şəhərin bir neçə yerində gül dükanı var.
O, Sumqayıtda “Gül Vüqar” kimi tanınıb.
Hadisəyə gəldikdə, V.Novruzov bir müddət əvvəl işdən çıxarılıb, lakin axşam saatlarında mağazaya gələrək V.Quliyevin kürək nahiyəsinə bıçaqla zərbələr endirib.
V.Novruzovun psixi problemlərinin olduğu bildirilir.