Sumqayıtda havanı çirkləndirən daha bir müəssisə cəzalandırıldı

974

Atmosfer havasının keyfiyyətinə nəzarət tədbirləri çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Sumqayıt şəhərində təkrar monitorinqlər keçirilib.

ETSN-dən verilən məlumata görə, Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, bir neçə gündür, Sumqayıtda aparılan monitorinqlər zamanı bəzi müəssisələrdə gündüz saatlarında havaya atılan tullantıların norma daxilində olmasına baxmayaraq, gecə saatlarında havaya normadan artıq tullantı atıldığına şübhə yarandığı üçün ötən gün gecə saatlarında həmin müəssisələrin ətrafında yenidən monitorinq aparılıb və ”AzMet” QSC-nin qaz-toz tutucu qurğusunda nasazlıq yarandığından təmizləyici filtrlərin işləmədiyi, havaya normadan artıq tüstünün atıldığı məlum olub.

Faktla bağlı akt və protokol tərtib edilib, müəssisənin direktoru Murad İbrahimov vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimələnib. Nöqsanların qısa zamanda aradan qaldırılması üçün müəssisə rəhbərliyinə məcburi göstəriş verilib.

Xidmət rəsmisi onu da qeyd edib ki, Sumqayıtla yanaşı, Quba və Gəncə regionlarında yerləşən müəssisələrdə də havanın tərkibi yoxlanılıb.
İstehsalat müəssisələrinin sahiblərinin və ətraf mühitə zərərli təsir göstərən digər təsərrüfat subyektlərinin nəzərinə çatdırırıq ki, fəaliyyətlərini qanunamüvafiq həyata keçirsinlər, ətraf mühitin çirkləndirilməsinə şərait yaratmasınlar.

Qeyd edək ki, bir neçə gün əvvəl də Sumqayıtda havanı çirkləndirən müəssisələr cəzalandırılmışdı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər