Sumqayıtda havanı çirkləndirən müəssisələr cəzalandırıldı

955

“Sumqayıt şəhərində havada tüstünün, xoşagəlməz qoxunun qeydə alınması, atmosferin çirklənməsi son zamanlar vaxtaşırı müşahidə edilir. Bu səbəbdən, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Sumqayıt şəhərinin müxtəlif ərazilərində yerləşən müəssisələrdə təkcə bu həftə ərzində 3 dəfə monitorinq keçirilib, müasir cihazlarla havanın tərkibi yoxlanılıb”. 

Bunu Xidmət rəisi Hikmət Əlizadə bildirib. Onun sözlərinə görə, əvvəlki günlər keçirilən monitorinqlər zamanı göstəricilər norma daxilində olsa da, 5 avqust 2021-ci il tarixində gecə saatlarında mütəxəssislər tərəfindən keçirilən monitorinqlər zamanı Sumqayıt Kimya Sənaye Parkı ərazisində fəaliyyət göstərən “Baku Non Ferrous and Foundry Company” MMC və H.Z.Tağıyev adına qəsəbədə fəaliyyət göstərən yağ zavodundan atmosferə normadan artıq hidrogen-sulfidin atıldığı müəyyən edilib.

“Faktla bağlı hər iki müəssisə barəsində akt və protokol tərtib olunub və onların hüquqi şəxs qismində 10 500 manatdan 12 500 manatadək cərimələnmələri üçün toplanmış sənədlər Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Digər bir neçə müəssisədə də günün müxtəlif saatlarında, eyni zamanda, gecə saatlarında monitorinqlər keçirildi və nəticələr norma daxilində müəyyən olundu”.

Xidmət rəsmisi qeyd edib ki, istehsalat müəssisələrində, böyük fabriklərin fəaliyyətində, xüsusən kimyəvi maddələrin istifadəsi zamanı gedən proseslərdə ətraf mühitə mənfi təsirlər olur. Bu cür müəssisələr fəaliyyətə başlamamışdan öncə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən rəy alır, ətraf mühitə təsiri qiymətləndirilir, ətraf mühitə yol verilə biləcək hədd müəyyənləşdirilir. Lakin həmin müəssisələr yol verilən həddən artıq ətraf mühitə təsir etdikdə tərəfimizdən onlar barəsində müvafiq cərimələr və digər sanksiyalar tətbiq edilir.

H.Əlizadə istehsalat müəssisələrinə xəbərdarlıq edərək bildirib ki, öz fəaliyyətlərini ekspertiza rəylərinə uyğun qursunlar. Əks halda, bu müəssisələr barəsində qanunamüvafiq tədbirlər görüləcək. qafqazinfo.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər