Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində tibb işçilərinin peşəkarlığını artırmaq məqsədi ilə seminar keçirildi.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova iştirakçıları salamlayaraq səhiyyə sisteminə göstərilən diqqət və qayğıdan və belə seminarların önəmindən danışıb.
Qeyd olundu ki, bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, təmirə ehtiyacı olan tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur.
Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.
Vurğulandı ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhərində əhaliyyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Son illərdə Sumqayıt şəhərində digər sahələrlə yanaşı səhiyyə sahəsinin inkişafı ilə bağlı da mühüm layihələr həyata keçirilib, şəhərdə fəaliyyət göstərən tibb müəssisələri əsaslı təmir olunub, maddi-texniki bazası möhkəmləndirilib. Bu işlər bu gün də davam etdirilir.
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Sənubər Vəliyeva mövzu ətrafında təqdimatla çıxış edib.