Sumqayıtda həmyerlisini öldürməyə cəhd edən şəxs məhkəmədə ifadə verib

866

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adamöldürməyə cəhddə təqsirləndirilən Ataş Rəşidovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, hadisə ötən il avqustun 29-da Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində baş verib. A.Rəşidov münaqişə zəminində həmyerlisi Bəxtiyar Allahverdiyevə bıçaqla xəsarət yetirib, hadisə yerini tərk edib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Məhkəmədə elan olunmuş ittiham üzrə A.Rəşidov özünü qismən təqsirli bildiyini söyləyib. O, ifadə verən zaman deyib ki, B.Allahverdiyev onun balaca bacısının “vatsap”ına “Salam” yazıb: “Bunu mənə bacım göstərdi. “Salam” yazan şəxsin Bəxtiyar olduğunu bildim. Bəxtiyarı “vatsap”da təhqir edib onların evlərinə getdim. Onu çölə çağıranda qapının qarşısında məni yumruqla vurdu. Bu zaman özümü müdafiə etmək üçün Bəxtiyara bıçaqla iki zərbə endirdim. Hadisədən sonra gedib səhərə qədər şəhəri gəzdim”.

Daha sonra zərərçəkmiş B.Allahverdiyev dindirilib. O qeyd edib ki, telefonunun “vatsap” statusunda tanımadığı nömrəyə “Salam” yazıb: “Bilmirdim ki, həmin şəxs Ataşın bacısıdır. Sonra Ataş məni təhqir edib bizə gəldi. Qapını bacım açıb məni çağırdı. Ataş mənimlə salamlaşan zaman digər əlindəki bıçaqla məni vurdu. Mən yerə yıxıldım, daha sonra evə girdim. O da evə girməyə cəhd etdi və qapını bağladım. Bir qədər keçəndən sonra baxdım ki, üstüm qandır, anam da həkimə zəng elədi”.

Məhkəmənin baxış iclası aprelin 19-nə təyin edilib.

Qeyd edək ki, A.Rəşidov barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər