Qadının qızı da eyni əmələ görə 1 ay əvvəl tutulub
Sumqayıt şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qadın yaxalanıb. Saxlanılan 63 yaşlı Qəmər Cəfərovanı polis əməkdaşları narkotik vasitələri satərkən ələ keçirib. Belə ki, Qəmər Cəfərova Sumqayıt şəhər sakini Kamal Ağayevə 3 qrama yaxın narkotik vasitə hesab olunan heroini satarkən polis əməkdaşları tərəfindən yaxalanıb.
Müstəntiq Mirrəhim Muradov bildirib ki, Q.Cəfərovanın üzərindən iki büküm, hər biri 10 qram olan ümumilikdə 20 qrama yaxın narkotik vasitə aşkar olunub. Bundan sonra saxlanılan şəxsin Saray qəsəbəsindəki mənzilinə baxış keçirilib. Mənzilə baxış zamanı isə təxminən 5 qrama yaxın heroin aşkarlanaraq maddi sübut kimi istintaqa təhvil verilib.
Onu da qeyd edək ki, Q.Cəfərova ailənin narkotik vasitələrin satışı ilə məşğul olan yeganə üzvü deyil. Belə ki, təqsirləndirilən şəxsin qızı, 42 yaşlı Səadət Cəfərova bir neçə ay əvvəl narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Qəmər Cəfərovanın barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma), Kamal Ağayevin barəsində 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanılıb.
Mənbə: ANSPRESS