Sumqayıtda Heydər Əliyev Məktəbinin məşğələsi keçirilib

1293

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının nəzdində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin “Müstəqil Azərbaycan Respublikası – Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda məşğələsi keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdiyini, Cümhuriyyətin yaranmasının 100 illiyinin ölkə daxilində və xaricində böyük təntənə ilə qeyd olunduğunu diqqətə çatdırıb.

Məruzə ilə çıxış edən Sumqayıt Dövlət Universitetinin (SDU) Tarix və coğrafiya fakültəsinin dekanı, Azərbaycan Respublikasının əməkdar müəllimi, professor Adil Baxşəliyev milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa vaxt ərzində həyata keçirdiyi islahatlardan, ölkənin demokratikləşməsi və insan hüquqları sahəsində atılan addımlardan, dövlətçiliyimizin möhkəmləndirilməsindən, müstəqil ölkəmizin uğurlarından danışıb.

Qeyd olunub ki, bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, xalqın istiqlal əzmi yenilməyib və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa edib. Azərbaycan Respublikasının müstəqilliyin ilk illərində böyük təhlükə ilə üzləşdiyini xatırladan məruzəçi dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin sabit inkişaf yoluna qədəm qoyduğunu vurğulayıb.

Sonra SDU-nin Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Sona Məhərrəmova “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan dövlətçilik tarixində yeri”, SDU-nin Pedaqoqika və psixologiya kafedrasının müəllimi Rima Əyyubova “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil və mədəniyyət siyasəti”, SDU-nin İqtisadiyyat kafedrasının müdiri, dosent Lalə Mahmudova “Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi siyasəti”, SDU-nin Mühəndislik fakültəsinin 1-ci kurs tələbəsi Samirə İsmayılova “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu və hərbi əməliyyatlar” mövzusunda məruzələrlə çıxış ediblər. Natiqlər Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdiyini bildiriblər. Avropa ölkələrinin demokratik prinsiplərini özündə əks etdirən Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifələrindən olduğu diqqətə çatdırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər