Sumqayıtda inşa edilən Karbamid Zavodu oktyabr-noyabr aylarında istehsala başlayacaq

2257

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa edilən Karbamid Zavodunda bu ilin oktyabr-noyabr aylarında yekun məhsul olan karbamid istehsalına başlanılacaq.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Xəzərin və Mərkəzi Asiyanın Neft emalı və neft-kimyası-layihələrin həyata keçirilməsi və texniki həllər” adlı konfransda zavodun direktoru Xəyal Cəfərov bildirib.

“Hazırda hissə-hissə avadanlığın sınaq işləri aparılır. Zavodun ilk məhsulu olan ammonyak istehsalına avqust-sentyabr aylarında başlanılacaq. Bu ilin IV rübündə “Samsung Engineering” şirkəti “açar təhvili” əsasında müəssisəni tam istifadəyə hazır şəkildə SOCAR-a təhvil verəcək. Oktyabr-noyabr aylarında Azərbaycanda “Made in Azerbaijan” brendi ilə karbamid istehsal olunacaq”,- X.Cəfərov deyib.

Onun sözlərinə görə, zavodda ümumilikdə işlərin 99,2%-i yerinə yetirilib: “Mühəndislik işləri, satınalmalar 100%, quraşdırma işləri isə 96,7%, tikinti 97% tamamlanıb”.

X.Cəfərov əlavə edib ki, zavodun tikintisi dövründə burada 2200-3600 nəfər çalışıb, istismar dövründə isə zavodda 400-500 nəfər işçi olacaq: “Zavodun ərazisi 39,27 hektar təşkil edir. Müəssisədə gündəlik 1200 ton ammonyak, 2 min ton karbamid istehsal olunacaq. Zavodun Karbamid istehsalının illik həcmi 650-660 min ton olacaq.Bunun 150-200 min tonu daxili bazar üçün, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulub. İxracda Türkiyə əsas marşrut olacaq”.

Qeyd edək ki, bu zavod Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” (2008-2015-ci illər) və “Sənayenin inkişafına dair Dövlət Proqramı” (2015-2020-ci illər) çərçivəsində tikilir. 2013-cü il martın 13-də SOCAR və “Samsung Engineering Co. Ltd.” (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı müəssisəsinin inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində “Samsung Engineering” şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək “açar təhvili” əsasında müəssisəni tam istifadəyə hazır şəkildə SOCAR-a təhvil verəcək. Zavodun ammonyak və karbamid istehsalı üzrə lisenziarları müvafiq olaraq “Haldor Topsoe” (Danimarka) və “Stamicarbon B.V” (Niderland) şirkətləridir. Layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri Finlandiyanın “Neste Jacobs Oy” şirkəti tərəfindən yerinə yetirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər