Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəhbərliyinin tapşırıq və tövsiyyələri nəzərə alınmaqla, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli struktur bölmələri tərəfindən iş yerlərində əmək qanunvericiliyinin təbliği və maarifləndirmə istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə növbəti tədbir kimi, iyunun 5-də Sumqayıt şəhərində «Əmək qanunvericiliyinə əməl olunması və əməyin tibbi-sosial mühafizəsi» mövzunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirədə Sumqayıt şəhərində və Xızı rayonunda fəaliyyət göstərən 60-dək dövlət və özəl tibb müəssisələrinin rəhbərləri, məsul nümayəndələri, hüquq-mühafizə orqanlarının, digər dövlət idarələrinin və aidiyyatı təşkilatların nümayəndələri iştirak edib.
Nazirliyin 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Şəfa Əliyev tədbiri giriş sözü ilə açaraq, bu tədbirin əmək qanunvericiliyinə əməl olunması istiqamətində profilaktika, inteqrasiya və maarifləndirmə məqsədinə xidmət etdiyini qeyd edib, iş yerlərində işçi hüquqları, o cümlədən əməyin tibbi-sosial mühafizəsi ilə bağlı qanunvericilikdən irəli gələn prinsipləri diqqətə çatdırıb. Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Ələkbər Tağıyev, 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişləri Ramil Maliki, Sabir Allahverdiyev, Sabir Məmmədov layiqli əməyin təminatı, vətəndaşların əmək hüquqları, əməyin tibbi-sosial mühafizəsi barədə ətraflı məlumatlar veriblər.
Qarşılıqlı dialoq, müzakirə şəraitində keçən seminar-müşavirədə tədbir iştirakçıları bazar iqtisadiyyatı şəraitində ölkə vətəndaşlarının əmək hüquqlarının yüksək səviyyədə qorunması işinin təkmilləşdirilməsi, maarifləndirici tədbirlərin intensivləşdirilməsi, müəssisələr və sahibkarlıq subyektləri ilə əməkdaşlığın səmərəli təşkili istiqamətində görülən işlərin xüsusi önəm kəsb etdiyini vurğulayıblar.
Tədbirin sonunda iştirakçılara əmək qanunvericiliyinin xüsusiyyətlərini özündə əks etdirən maarifləndirici məlumat bukletləri paylanıb, mövzu ilə bağlı suallar cavablandırılıb.
Sumqayıtda iş yerlərində əmək qanunvericiliyinin təbliği məqsədilə tədbir keçirilib
•
674