Ölkəmizdə günəş panellərinin istehsal olunduğu yeganə məkanda – “Azgüntex” zavodundayıq. Burada il ərzində 100 min ədəd günəş paneli istehsal olunur.
Sumqayıt şəhərinin yaxınlığında yerləşən zavod istehsal etdiyi günəş panelləri ilə Respublikanın bu qurğulara olan tələbatını tam şəkildə ödəyir.
APA TV-nin məlumatına görə, müəssisənin hazırladığı panellərdən əsasən, ölkə ərazisində fəaliyyət göstərən irihəcmli günəş-elektrik stansiyalarında, həmçinin paytaxtda və bölgələrdə yerləşən sosial obyektlərdə istifadə olunur.
“Azgüntex” zavodunun direktoru Nizami Əsgərov deyir ki, panellərin yığılması üçün lazım olan zəruri xammal xarici ölkələrdən gətirilir: “Günəş panellərinin istehsalı üçün Avropa ölkələrindən 14 adda xammal alırıq. Bu xammaldan istifadə edərək panellərimizi yığırıq. Panellərin hücrələrini Tayvandan alırıq. Şüşə və profillər Türkiyə istehsalıdır. Digər xammalı isə Avropa ölkələrindən, əsasən də, Niderland, Almaniya, Fransa kimi ölkələrdən alırıq”.
Nizami Əsgərov günəş panellərinin hazırlanmasının mürəkkəb bir proses olduğunu deyir. Onun sözlərinə görə, panellərin hazırlanması ardıcıl olaraq bir neçə mərhələdən keçir: “İstehsal prosesində birinci əsas xammal olan şüşə yuyulur və yuyulduqdan sonra onun üzərinə etil və vinil maddələri çəkilir. Bundan sonra robotlar vasitəsilə hücrələrin yığılması prosesi gedir. Daha sonra yığılmış panellərin lehimlənməsi və onların bişməsi prosesi aparılır. Ən sonda “Glukson” firmasının tester aparatında panellərin bütün fiziki, mexaniki göstəricilərinin yoxlanılmasından sonra məhsula etiket vurulur. Və beləliklə panellər satışa hazır vəziyyətə gətirilir”.
Zavod direktorunun sözlərinə görə, istehsal olunan panellər hələ ki, xarici bazarlara çıxarılmayıb. Amma bu istiqamətdə işlərin aparılmasına başlanılıb: “Zavodun illik istehsal gücü 60 meqa/vattdır. Zavodda 2 xətt mövcuddur. 1 meqa/vatt isə 4000 ədəd panel deməkdir. Hələlik xarici bazara çıxmamışıq. Çünki bu zavod vasitəsilə daxili tələbatı ödəyirik. Hazırda Türkiyə, Gürcüstan və bir sıra Avropa ölkələri ilə danışıqlar aparılır. Gələcəkdə hazırladığımız panellərin xarici ölkələrə satılması da gözlənilir”.
Hətta “Azgüntex” zavodunun elektrik enerjisinə olan tələbatının bir hissəsi burada hazırlanan günəş panelləri hesabına qarşılanır. Nizami Əsgər deyir ki, zavodun həyətində quraşdırılmış 300 ədəd panel müəssisənin enerji tələbatının 2/3 hissəsini ödəyir: “Biz günəş panelləri hazırladığımız və bu qurğular da elektrik enerjisi istehsal etdiyi üçün qarşımıza məqsəd qoyduq ki, zavodun elektrik enerjisini də özümüz istehsal edək. Bu məqsədlə 2016-cı ildə zavodumuzda gücü 75 kv/saat olan günəş-elektrik stansiyası qurulmuşdur. Bu da bizim zavodun elektrik enerjisinə olan tələbatının 60-70%-ni ödəyir”.
Qeyd edək ki, 2012-ci ildən fəaliyyətə başlayan “Azgüntex” zavodunun açılışında Prezident İlham Əliyev iştirak edib. Hazırda burada 70-ə yaxın işçi çalışır.