Azərbaycan böyük neft-qaz tarixinə malikdir. Bu sektorun da inkişafı ölkə iqtisadiyyatı üçün geniş imkanlar yaradıb. Buna baxmayaraq, hazırda Azərbaycan qeyri-neft sektorunun inkişafına böyük önəm verir. Qeyri-neft sektorunun inkişafında SOCAR da iştirak edir. Belə ki, Sumqayıtda inşa olunmuş “SOCAR Carbamide” zavodu hazırda ölkənin qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir.
Karbamid harada istifadə olunur?
Karbamid kənd təsərrüfatının müxtəlif sahələrində uzun müddət müvəffəqiyyətlə yoxlanılmış azot tərkibli gübrədir. Onun tərkibində başqa gübrələrlə müqayisədə daha çox azot (46,2%) var ki, bu da karbamidin müxtəlif növ torpaqlar və bitkilər üçün iqtisadi baxımdan daha geniş istifadəsinin məqsədəuyğunluğunu göstərir.
Karbamid zavodunun mövcudluğu ölkəyə nə kimi imkanlar verir?
Ən əsası, Azərbaycanın idxal edilən gübrədən asılılığı aradan qaldırmağa imkan yaradıb. Bundan əlavə, istehsal edilən karbamidin böyük bir hissəsi ixrac üçün nəzərdə tutulduğundan karbamid ölkəyə üçün əlavə gəlir mənbəyinə çevriləcək.
Qeyd etmək lazımdır ki, zavodun istehsal etdiyi gübrə ölkənin daxili tələbatını ödəməklə yanaşı 70-80%-i də ixrac üçün nəzərdə tutulub. Karbamid Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrə ixrac ediləcək.
Yeni müəssisə Azərbaycana nə qədər gəlir gətirəcək?
Əgər əvvəllər gübrənin alınmasına ildə 90-120 mln. dollar vəsait xərclənirdisə, bundan sonra bu vəsait ölkədə qalacaq və “SOCAR Carbamide” zavodu Azərbaycana ildə 150-160 mln. ABŞ dollarınadək gəlir gətirəcək.
Zavodun istehsal gücü nə qədərdir?
Zavod ildə 650-660 min ton karbamid istehsal etmək qabiliyyətindədir. Müəssisənin ümumi dəyəri təqribən 800 mln. avro təşkil edir. Bu il zavodda 350 min ton məhsul istehsal olunacaq. SOCAR Sumqayıtda ikinci karbamid zavodunun da tikintisini planlaşdırır.
İkinci zavodun tikintisi neçəyə başa gələcək?
Azərbaycanda tikiləcək ikinci karbamid zavodunun dəyəri 640-650 mln. avro təşkil edə bilər. Şirkətin gözləntilərinə görə, ikinci zavodun tikintisini 20-25% daha ucuz başa gələcək. Sözügedən qənaət layihənin vergilərdən azad edilməsi və hazır infrastrukturunun istifadəsi sayəsində təmin olunacaq.
Yeni zavod texniki göstəricilərinə görə hazırda Sumqayıtda istifadədə olan karbamid zavoduna bənzər olacaq və onun yanında tikiləcək. Zavodun tikintisi karbamidə olan tələbatı və birinci müəssisənin genişləndirilməsi imkanlarının olmaması ilə əlaqədardır. Zavodun tam dəyəri mühəndislik araşdırmalar aparıldıqdan sonra dəqiqləşəcək.
Əlavə edək ki, karbamid istehsalının inkişafı və genişləndirilməsi Azərbaycana qida təhlükəsizliyinin möhkəmləndirilməsini təmin edilməyə və regional səviyyədə gübrə bazarında öz yerini tutmağa imkan yaradacaq.