Bu ilin oktyabr ayında Sumqayıtda Kimya Texnoloji Parkının təməlqoyma mərasimi keçiriləcək.
“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, bu parkda “Azərikimya”nın istehsal etdiyi məhsullardan xammal kimi istifadə edən müəssisələr çalışacaq və son məhsul istehsal edəcəklər: “Burada xüsusi iqtisadi zona yaradılacaq. İndiyə qədər Azərbaycanda istehsal olunmayan məhsulların istehsalını təşkil edən şirkətlərə bu parkda daha çox üstünlük veriləcək”.
R.Abdullayev bildirib ki, “Azərikimya”da yeni etilen-propilen qurğusunun qurulması nəzərdə tutulur. Kanada texnologiyası ilə qurulan bu qurğu təxminən 80-100 mln. manata başa gələcək: “Bu, həm məhsul istehsalını artırmağa imkan verəcək, həm də polipropilen buraxılacaq ki, daha çox şirkət bundan xammal kimi istifadə edə bilsin”.