Sumqayıtda kimyaçılar jurnalistlərlə birlikdə Beynəlxalq Kimya ili proqramını müzakirə ediblər

757

Sumqayıt, 4 mart (AzərTAc). Sumqayıtda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərkimya” İstehsalat Birliyinin konfrans zalında Beynəlxalq Kimya ili ilə əlaqədar jurnalistlərlə görüş keçirilmişdir. Beynəlxalq Kimya ilinin keçirilməsi barədə BMT Baş Məclisinin qəbul etdiyi qərar heç də təsadüfi deyildir. Məlum olduğu kimi, 100 il əvvəl – 1911-ci ilin noyabr ayında radioaktivlik sahəsində tədqiqatları ilə tanınmış görkəmli fransız kimyaçı Mariya Küri kimya elmi üzrə Nobel mükafatına layiq görülmüşdür. 2011-ci il həm də Parisdə Beynəlxalq Kimya Cəmiyyətləri Assosiasiyasının yaradılmasının yüzilliyinin qeyd olunduğu ildir. “Azərkimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev kütləvi informasiya vasitələrinin nümayəndələri ilə söhbətdə demişdir: “Dünyamızın maddi təbiəti kimyaya əsaslanır. Müasir texnogen cəmiyyətdə kimya sənayesi məhsulları olmadan fəaliyyət göstərmək mümkün deyildir. Kimya sənayesi olmadan müasir həyatımızı və gələcəyi təsəvvür etmək qeyri-mümkündür. Kimya müasir insanı bütün sahələrdə müşayiət edir. O, insanın məişətinin tərkib hissəsinə çevrilmişdir. Elmin bu sahəsi çox məsuliyyətli diqqət tələb edir, əks halda bunun mənfi nəticələri ola bilər. Lakin kimyanı
diqqətlə öyrənməklə bu elmin müasir cəmiyyətin həyatında əhəmiyyətini dərk etmək və kimya sənayesinin, habelə kimyaçı alimin müsbət obrazlarını yaratmaq mümkündür. Elə bu paradiqma “Azərkimya” İstehsalat Birliyinin Beynəlxalq Kimya ili çərçivəsində həyata keçirmək niyyətində olduğu tədbirlərin spektrini müəyyənləşdirmişdir”. Maarifləndirici xarakterə malik tədbirlərdən danışan Muxtar Babayev xüsusi vurğulamışdır ki, “Sənaye turizmi” layihəsi Beynəlxalq Kimya
ilində və Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi “Turizm ili”ndə sənaye şəhəri olan Sumqayıt üçün çox aktualdır. Jurnalistlər fəal surətdə dialoqa qoşulmuşlar. “İki sahil” qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc), “Azərbaycan”, “Xalq qəzeti”, “Bakinski raboçi”, “Exo”, “Sumqayıt”, “168 saat”, “Ədalətin səsi ” qəzetlərinin, “Sumqayıt xəbər” elektron resursunun xüsusi müxbirləri və digər mətbuat nümayəndələri maraqlı təkliflərini bildirmişlər. Kütləvi informasiya vasitələrinin nümayəndələri “Azərkimya”nın ARDNŞ-ın tabeliyinə verilməsindən sonra İstehsalat Birliyinin fəaliyyətində müsbət dəyişikliklərin müşahidə olunduğunu xüsusi qeyd etmişlər. Jurnalistlər yaxın perspektivə dair layihələrlə də tanış olmuşlar. Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıtın müasir sənaye mərkəzinə çevrilməsi barədə göstərişinin həyata keçirilməsi ilə əlaqədar şəhərdə neft və kimya kompleksləri ilə yanaşı, kiçik kimya müəssisələri də yaradılacaqdır. Sumqayıt kimyaçıları Almaniyanın təcrübəsini maraqla öyrənirlər. Görüşdə bildirilmişdir ki, kimya sənayesinin yeni modelinin yaradılması satış bazarının genişləndirilməsi ilə yanaşı, məhsulun rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və yeni iş yerlərinin açılmasına kömək edəcəkdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər