Sumqayıt şəhərində müasir standartlara cavab verən yeni kinoteatrın layihələndirmə işlərinə start verilib Sovetlər dönəmində Sumqayıt şəhərində “Vaqif”, “Qarabağ”, “Rossiya”, “Kosmos” və s. sinoteatrlar fəaliyyət göstərirdi və bu kinoteatrlarda nümayiş olunan filmlərə baxmaq üçün növbələr yaranardı. Sonradan demək olar ki, bir kinoteatr (“Nizami”) istisna olmaqla hamısı özəlləşdirildi və fəaliyyət istiqamətləri də dəyişdirildi. Qalan bir kinoteatr yararsız vəziyyətdə olduğundan, demək olar ki, öz profili üzrə fəaliyyət göstərmirdi.
Hazırda bu binada müvəqqəti olaraq Şəhər Mədəniyyət evi yerləşdirilib. Bu kinoteatr 1967-ci ildə istismara verilib və Böyük Oktyabr Sosialist İnqilabı adlandırılan hadisənin şərəfinə “Rossiya” adlandırılıb. Pespublikamız müstəqillik əldə etdikdən sonra kinoteatrın adı dəyişdirilərək “Nizami” adlandırılıb. Vaxtilə şəhər sakinlərinin ən çox üz tutduğu mədəniyyət ocaqlarından biri olan, ikimərtəbəli, 600 nəfərlik tamaşa zalı olan kinoteatrda bu günə kimi heç bir təmir aparılmayıb, avadınlıqlar, oturacaqlar yararsız vəziyyətə düşüb. 6 iyul 2016-cı il tarixində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Nəriman Nərimanov küçəsində yerləşən Nizami kinoteatrındakı vəziyyətlə tanış olarkən narahatlığını ifadə etmiş və “Sumqayıt şəhərində müasir texnologiyalara uyğun, ən yeni proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təchiz olunan, tamaşaçıların zövqünü oxşayan kinoteatrın olmasının vacibliyini” vurğulamışdı. Məlumat üçün bildirək ki, “Nizami” kinoteatrında əsaslı təmir və yenidənqurma işləri SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi tərəfindən həyata keçiriləcək. Artıq layihələndirmə işləri üçün açıq tender elan olunub və qalib şirkət də müəyyənləşib.
Layihələndirmə işlərinin may ayının 10-na kimi tamamlanması gözlənilir. Ondan sonra tikinti işlərinin icrası üçün açıq tender elan olunacaq və qalib şirkət məlum olduqdan və müqavilə imzalandıqdan sonra kinoteatrda tikinti işlərinin iyun ayının sonlarına yaxın başlanması nəzərdə tutulur. Qeyd edək ki, 600 nəfərlik böyük zalın yerində hər biri 80-100 nəfərlik üç müasir standartlara cavab verən kino zalı və bir gözləmə zalı tikiləcək. Kinoteatrda həmçinin kafeteriya, popkorn satışı yeri, istirahət və və gözləmə otaqları, bilet satışı kassaları və digər inzibati otaqlar mövcud olacaqdır. Bir sözlə, şəhər sakinlərinin, əsas etibarilə də gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün əlverişli şərait yaradılacaqdır. Kinoteatrın bu ilin sonlarına (IV rüb ərzində) istifadəyə verilməsi planlaşdırılır.