Artıq İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə elektron kabinetin yaradılması və elektron müraciətlərin formalaşdırılması prosesinə başlanılıb. Bu barədə fondun baş direktoru İlham Kələşov məlumat verib. Onun sözlərinə görə, artıq 3 000-dən çox vətəndaş elektron kabinetin yaradılması üçün müraciət edib və hazırda proses davam edir. Sistem üzrə müraciətlərin qəbulu mərhələli şəkildə həyata keçiriləcək:
Növbəti mərhələdə müraciət etmiş şəxslər sənədləri fiziki şəkildə təqdim etmək üçün ASAN xidmət mərkəzlərinə yaxınlaşmalıdırlar. ASAN xidmət mərkəzlərinə gəlincə isə bunlar, Bakı şəhəri üzrə 2 saylı ASAN Kommunal Mərkəzi, eyni zamanda Xırdalan və Sumqayıt şəhərləri üzrə Sumqayır ASAN Xidmət Mərkəzidir.
Qeyd edək ki, “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə yaşayış sahəsini seçmək imkanı yalnız Fond müraciətə baxdıqdan və razılıq barədə qərar qəbul etdikdən sonra yaranır.
Fondun vətəndaşlara satmaq öhdəliyi ilə kirayə təklif etdiyi yaşayış sahələrinin siyahısı da genişləndirilib və 331 mənzildən 530 mənzilə çatdırılıb. Əhalinin tələbini nəzərə alaraq Fond mənzil fondunun formalaşdırılmasını davam etdirir.
Mənzillərin ilkin olaraq Bakı, Sumqayıt, Xırdalan şəhərlərində təqdim olunması nəzərdə tutulur. Qiymətlərə gəlincə, bu, Bakı şəhəri üzrə 411 manat, Sumqayıt şəhərində 299 , Xırdalan şəhərində isə 333 manatdan başlayır.
Qeyd edək ki, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində ölkədə əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi, satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinin inkişafının təmin edilməsi məqsədilə təsdiq edilib. Bu mexanizmin əsas mahiyyəti ondan ibarətdir ki, əhali dövlətin formalaşdırdığı mənzil fondundan uzunmüddətli kirayəyə mənzillər alır və kirayə müddəti başa çatdıqdan sonra alınmış mənzillər həmin vətəndaşın mülkiyyətinə keçir.