Sumqayıtda ilk dəfə küçə şahmatı yaradılmışdır. Qədim oyunun böyük fiqurlarının düzüldüyü şahmat meydanı abadlaşdırılmış xiyabanda fəxri yer tutmuşdur.
Sumqayıtın mərkəzində, Heydər Əliyevin adını daşıyan prospektdə yerləşən xiyaban tamamilə yenidən qurulmuşdur. Xiyabana müasir üzlük plitə döşənmiş, qazonlar salınmış, yeni skamyalar qoyulmuşdur. Xiyabanın piyadalar üçün nəzərdə tutulan yollarında keramik güldanlar və müasir fənərlər qoyulmuşdur. “Küçə şahmatı” bu abadlaşdırılmış ansambla xüsusi yaraşıq verir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu sözləri AzərTAc-ın müxbiri ilə söhbətində demişdir: “Küçə şahmatı intellektual oyunları və kreativi xoşlayan adamlar üçün əla seçimdir. Bu oyun insanın zehni qabiliyyətini inkişaf etdirir, yaddaşı möhkəmləndirməyə, obrazlı və məntiqi təfəkkürə kömək edir”.
Burada birinci olaraq şəhər şahmat məktəbinin yetirmələri güclərini sınamışlar. Eldar Əzizov onların oyununa tamaşa edərək bildirmişdir ki, yaxın vaxtlarda şəhərin nümunəvi yaşayış massivlərinin bütün həyətlərində bu cür şahmatlar quraşdırılacaqdır.
“Küçə şahmatı” şəhər sakinlərinin böyük marağına səbəb olmuşdur. Hər kəs bu cür böyük fiqurlar fonunda xatirə fotoşəkili çəkdirib dostlarına göstərmək, sonra bir partiya şahmat oynamaq və əlbəttə, qalib gəlmək istəyir. Ətrabə Rzayeva ( AzərTAc)