Bu gün Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Laçın rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Sumqayıt şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə Laçın rayonunun müdafiəsi zamanı şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Laçın rayonunun işğalından bəhs edən film göstərilib.
Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur səmədov ölkəmizin ərazi bütövlüyünün qorunmasında mühüm strateji əhəmiyyətə malik olan Laçın rayonunun 26 il əvvəl erməni silahlı birləşmələri tərəfindən işğalı ilə bağlı ətraflı məlumat verib. Vurğulanıb ki, Laçının 1992-ci il mayın 18-də erməni hərbi birləşmələri tərəfindən işğalı Ermənistanın 1988-ci ildən Azərbaycana qarşı başladığı elan olunmamış müharibənin tərkib hissəsi olub. İşğalçı dövlətin hərbi təcavüzü ilə başlanmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin elə ilk günlərindən Laçın Ermənistanın hədəfinə çevrilib.
Diqqətə çatdırılıb ki, işğalçılara qarşı döyüşlərdə rayonun müdafiəçiləri böyük şücaət göstəriblər. Bu müharibədə 267 nəfər laçınlı şəhid olmuş, 66 nəfər girov götürülmüşdür. Torpaqlarımızın müdafiəsi uğrunda mərdliklə mübarizə aparmış laçınlılardan 4 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, 4 nəfər “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Bildirilib ki, Laçın rayonunun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13 min 745 ev, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 30 rabitə obyekti, 200-dən çox tarixi, mədəniyyət və dini abidə talan edilərək dağıdılıb. 33 min hektar zəngin meşə massivi itirilmiş, rayona, ümumilikdə 7,1 milyard ABŞ dolları məbləğində ziyan dəyib.
Digər çıxışçılar Laçın rayonunun Azərbaycan üçün tarixi, mədəni və iqtisadi baxımdan strateji əhəmiyyəti və işğalın ağır nəticələrindən danışıblar. Ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində uğur qazanıldığı vurğulanıb. Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı və xalqın mübarizliyi sayəsində işğal olunmuş bütün torpaqlarımız, o cümlədən Laçın rayonu düşmən tapdağından azad ediləcək.