2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə və Abşerondakı lisey və gimnaziyalara uşaqların 1-ci sinfə qəbulu imtahansız keçiriləcək.
sumqayitxeber.com Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri İlhamə Abdullayeva deyib.
O bildirib ki, Bakıda isə lisey və gimnaziyalara 1-ci sinfə qəbul zamanı ilk növbədə həmin müəssisənin xidməti ərazilərində rəsmi qeydiyyatda yaşayan uşaqlar qəbul ediləcəklər. Lisey və gimnaziyaların xidməti ərazilərində yaşayan uşaqlar həmin müəssisələrə müsabiqəsiz, yəni imtahansız qəbul olunurlar. Digər ərazilərdə yaşayan valideynlərin uşaqları isə məktəbə müsabiqə ilə qəbul olunacaqlar.
Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib ki, əgər gimnaziya və liseylərin xidməti ərazilərində yaşayan uşaqların 1-ci sinfə qəbulu zamanı həmin uşağın imtahan verməsi tələb olunarsa, valideynlər bununla əlaqədar Təhsil Nazirliyinin “Qaynar xətti”nə şikayət edə bilərlər.
O bildirib ki, bu ildən Sumqayıt, Gəncə və Abşeronda məktəbəqədər qruplara qəbulun elektron qaydada keçirilməsi nəzərdə tutulur.