Sumqayıtda məcburi köçkün-direktor qalmaqalı

805

Şikayətçi Gülnarə Sadıqova ondan rüşvət alındığını və təhqir olunduğunu deyir

2-ci mikrorayon, 3 N-li orta məktəbin həyətində müvəqqəti məskunlaşmış Qubadlı rayonundan məcburi köçkün Sadıqova Gülnarə Camal qızı Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. Müraciətin bir nüsxəsi də redaksiyamızdadır. Məcburi köçkünün həqiqətən də qeyd etdiyi kimi acınacaqlı şəraitdə yaşadığını G.Sadıqovanın mənzilinə baş çəkmiş əməkdaşımız da öz gözləri ilə görüb. Ancaq ən böyük problem üç övladını təkbaşına böyütmək məcburiyyətində qalmış ananın – Gülnarə Sadıqovanın işdən azad olunmasıdır… Amma məktəb direktoru da ona yönəlmiş ittihamları birmənalı şəkildə rədd edir.

Gəlin öncə məcburi köçkünün dövlət başçısına ünvanladığı məktubun mətninə diqqət yetirək:

“Cənab Prezident, Siz hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuz kimi, biz də Sizin övladlarınızıq… Mən 2 qız, 1 oğlan anasıyam. Çox dözülməz vəziyyətdə məskunlaşmağımız buradakı daxmada atadan məhrum olmuş bu azyaşlı uşaqları son dərəcə qorxunc və son dərəcə müsibət dolu faciəli günlər və vahiməli gecələrdə qoruyub saxlamaq üçün mütləq yuxusuz qalıb, onları komanın suvaqsız daş divarlarının dəlmə-deşiklərindən başını çıxarıb fısıldayan gürzə ilanların caynağından xilas etmək məcburiyyətində keşikçi olmağa məhkumam.

İnsana həyatda yalnız bir dəfə ömür bəxş olur… Mənim ömrümün ən çiçəklənən çağında taleyimə qara hərflərlə məcburi köçkünlük həkk olundu. Məni düşmən didərgin salmışdı!.. Bəs, Sumqayıt kimi gözəl bir şəhərdə dünyaya göz açmış övladlarımın nə üçün ilan-çayan yuvasında zəhr-bağrı yarılmalıdır!..?.. Bəs bu cocuq körpələrin günahı nədir?..!.. Nə üçün aidiyyəti qurumlar Prezidentin bizlər haqqında verdiyi məlum qərar, fərman və sərəncamlara əməl etməyərək məhəl qoymur!..?..

Mənimlə daxma-divar qonşusu olan Arzu və Adil adlı şəxslərlə birlikdə, demək olar ki, hər gecə ilan başı əzməkdəyik!.. İnanıram ki, dövlətimiz də düşmənin başını birdəfəlik bu cür əzəcək. Cənab Prezident, qeyd etdiyim kimi, yaşadığımız bu daxmada 17 ildir olmazın zülmü çəkirik!.. Belə ki, qış vaxtı tavandan tökülən yağış-qar, suvaqsız buz bağlamış divarlar, yay vaxtı isə, nəzərinizə çatdırdığım kimi, əqrəb-ilanlar bizim burada sağ qalıb yaşamağımıza gələcək üçün ümid vermir!.. Hələ bu azmış kimi, Sumqayıt şəhəri 24 N-li orta məktəbin direktoru Mehriban Nəcəfova direktor olduğu bu məktəbdə uzun müddət bufetçi işləməyimi, ümum vəziyyətimi nəzərə almayıb, məndən umacağı tələbi yerinə yetirə bilmədiyim üçün yuxarıda sözügedən bu faciə dolu yaşantını mənə töhmət edib, məni 01.05.2010-cu il tarixdən heç bir əsas olmadan işə buraxmamışdır. Məktəbin müəllim kollektivi və şagirdlər içərisində şəxsiyyətimə toxunaraq demişdir: “Gülnarə bufetdə işləyə bilməz, yaşayış yeri antisanitariyadır, bu qadın qaçqındır, bufetə getməyin, ondan heç nə alıb yeməyin, onu erməni qovubdur və s. və i.a

Mehriban Nəcəfova mənim bufetdə işləməyimə görə məndən 200 (iki yüz) manat nəğd pul almışdır və hər ay 70 (yetmiş) manat, hər gün 5-10 manatlıq yemək alırdı. Bir müddət mən 70 manatı və 5-10 manatlıq yeməyi verib onu yedizdirə bilmədim. Bu şəxs utanıb çəkinmədən bütün məktəb kollektivi qarşısında məni təhqir edib, şəxsiyyətimə toxunaraq ürəyimə söz xəncəri sancaraq mənə ömürlük olaraq düşmənimiz ermənilərdən betər zərbə vurdu!.. Mənim Sizlərdən ricalı xahişim budur ki, bizim həyatımızın qarantı olaraq yaşadığımız daxmanın tavanının örtürülməsinə və divarlara suvax çəkilməsinə, mənim iş yerimdə qalıb uşaqlarımı dolandırmaq üçün müvafiq tədbir görülməsinə göstəriş verib köməklik edəsiniz”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrəndik. 24 saylı məktəbin direktoru  Mehriban Nəcəfova səsləndirilən ittihamları qəti şəkildə rədd etdi. Director bildirdi ki, ümumiyyətlə buffet məktəbə aid deyil: “Bufetlər “Məktəbli-iaşə” MMC-nin nəzdindədir. Bufetə biz məktəbimizdə sadəcə yer ayırırıq. Bizim məktəbin bufetini isə Füzuli məktəbinə vermişik, ona görə də bufet sinif otağına köçürülüb. Müəllimlər, valideynlər şikayət edirdi ki, bufetin tüstüsü məktəbi bürüyür. Çünki bu otaqda tüstünün çıxması üçün baca yoxdur. Gülnarə xanım isə orada hər gün peraşki-filan bişirirdi. Qaldı, mənim ondan pul, rüşvət almağım məsələsinə, buda gülünc söhbətdir. Əgər mən ondan pul götürürdümsə, onda niyə onun övladının məktəbli formasını mən alırdım. Əvvəllər oğlu bizim məktəbdə oxuyurdu, onu da öz yanında – bufetdə işlədirdi, hədsiz sayda dərslər buraxırdı”.

Xanım direktor onun G.Sadıqovanın ünvanına məcburi köçkün olması ilə bağlı təhqiredici ifadələr işlətməsi ittihamına isə bu cür cavab verdi: “Biirncisi, bu, mənim tərbiyəmə uyğun deyil, ikincisi isə mənim atam da, qaynatam da məcburi köçkündür – mən bunu necə edə bilərəm?!”

Nəhayət, M.Nəcəfova bildirdi ki, şikayətçi xanımı heç kim işdən azad etməyib – bu barədə nə o, nə də”Məktəbli-iaşə” MMC-dən G.Sadıqovaya heç bir söz deyilməyib: “Sadəcə, o məktəbə kənar şəxslər gətirirdi, mən də bu məsələ ilə bağlı ona iradımı bildirmişəm, vəssalam”.

Bax belə. Məsələ açıq olaraq qalır. Ümid edək ki, ədalət öz yerini tutmaqla yanaşı acınacaqlı şəraitdə yaşayan həmvətənimizin problemlərini həll edən tapılacaq. Təbii ki, bu məsələd kimin haqlı, kimin haqsız olduğunu demək isə bizim işimiz deyil.

Vüsal, “168saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər