Sumqayıtda Milli Qəhrəman Bəhruz Mansurovun xatirəsi anılıb

1991

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü, S.Vurğun adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurovun anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Bəhruz Mansurova həsr edilmiş ədəbiyyat nümunələrindən ibarət sərgi ilə tanış olublar.

Yazıçı Hafiz İmamnəzərli Milli Qəhrəmanın qısa ömür yolu haqqında məlumat verib. Bildirilib ki, 1975-ci ildə Yardımlı rayonunun Telavar kəndində doğulan Bəhruz Mansurov Bakı Ali Hərbi Komandirlər Məktəbinin sərhəd fakültəsində təhsil alıb. 1995-ci ilin mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində fəal iştirak edib və silahlı qarşıdurma zamanı qəhrəmancasına həlak olub.

Sonra iş adamı Hacı Gülağa Abışov, Bəhruz Mansurovun qardaşı, polkovnik-leytenant Bəhram Mansurov Milli Qəhrəmanla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavası, həmçinin Milli Qəhrəmanın oxuduğu orta məktəb Bəhruz Mansurovun adını daşıyır. Sumqayıtın 16-cı mikrorayonunda qəhrəmanın xatirəsinə bulaq-abidə kompleksi yaradılıb.

Digər çıxış edənlər qəhrəmanların xatirəsinə diqqətlə, ehtiramla yanaşmağın, onların mübarizliyini, rəşadətini gələcək nəsillərə örnək kimi çatdırmağın və bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Daha sonra Sabir Sarvan adına Poeziya Klubunun üzvlərinin təqdim etdiyi ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel tarixli 307 saylı Fərmanı ilə Mansurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər