Sumqayıtda modul tipli xəstəxanada xəstələrin müalicəsi başa çatıb

3398

Koronavirus pandemiyası dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət alıb. Bu məqsədlər üçün böyük vəsait ayrılıb, bütün imkanlar səfərbər edilib. Altı ay ərzində ölkəmizin çarpayı fondu böyük dərəcədə artırılıb, modul tipli xəstəxanalar inşa edilib. Həmin xəstəxanalardan biri Sumqayıt şəhərində fəaliyyət göstərir.

Sumqayıtda olan modul tipli xəstəxana 1 nömrəli Sumqayıt şəhər xəstəxanasının nəzdində fəaliyyət göstərir. Modul tipli xəstəxananın əsas missiyası koronavirus pandemiyası zamanı tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanmasından ibarətdir.

Xəstəxana 3 korpusdan ibarətdir. Burada 100 palatada 200 çarpayı var. Xəstəxana orta ağır simptomlu infeksion xəstələrin qəbulu və müalicəsi üçün nəzərdə tutulub. Burada həmin xəstələr üçün bütün şərait yaradılıb. Palatalar müasir avadanlıqlar və sistemlərlə təchiz olunub.

Tibb ocağında quraşdırılan xüsusi havalandırma sistemi havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürür.

Palatalar oksigen aparatları ilə təchiz olunub. Əgər ehtiyac yaranarsa, əlavə avadanlıq quraşdırmaqla palataları reanimasiyaya çevirmək mümkündür. Bunun üçün burada texniki avadanlıqlar və sistem mövcuddur.

İndiyədək ölkəmizdə 11 modul tipli xəstəxana inşa olunub. Bu xəstəxanalarda çarpayıların sayı 4100-ə çatır. Ümumilikdə ölkədə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində mühüm rol oynayır.

Onu da qeyd edək ki, koronavirus infeksiyası başlayandan bu günədək Sumqayıt şəhərində 1477 nəfər COVİD 19-a yoluxub. Sumqayıt modul tipli xəstəxananın baş həkimi Ramiz Həmzəyevin sözlərinə görə, onların bir hissəsi məhz modul tipli xəstəxanada müalicə alıb. Xəstəxananın hazırda fəaliyyətinə gəldikdə isə… “İyundan avqustun 9-na qədər fəaliyyət göstərib. Bu müddət ərzində bizim modul tipli xəstəxanada 422 xəstə müalicə olunub. Bu müddət ərzində xəstəxanada növbəli rejimdə 23 həkim işləyib. Bundan başqa, texniki işçilərimiz, tibb bacılarımız, fəhlələrimiz həmin xəstəxanada xidmət ediblər”.

Bildirək ki, bu modul tipli xəstəxanada olan koronavirus xəstələri müalicə olunaraq evə buraxıldığına görə hazırda xəstə yoxdur. Ümumilikdə isə Sumqayıtda 47 aktiv koronavirus xəstəsi var ki, onlar da pandemiya xəstəxanası elan olunan 1 nömrəli Sumqayıt şəhər xəstəxanasında müalicələrini davam etdirirlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər