Sumqayıtın şəhər statusu almasının 70 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir. Sumqayıt Dövlət Dram Teatrının qarşısındakı meydanda açıq hava konserti keçirilib.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının nümayəndələri, müəssisə, idarə və təşkilatların rəhbərləri, ictimayət nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.
Vurğulanıb ki, bu il Sumqayıtın şəhər statusu almasının 70-ci ili tamam olur. Prezident İlham Əliyevin 14 fevral 2019-cu il tarixli sərəncamı ilə Sumqayıtın 70 illik yubileyi geniş şəkildə qeyd edilir. Artıq şəhərdə bununla bağlı müxtəlif tədbirlər həyata keçirilməkdədir.
Sumqayıt bu gün ümummilli liderin ən layiqli davamçısı İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunub. Sumqayıt cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasəti nəticəsində ulu öndərin vaxtilə qarşıya qoyduğu hədəflərə yaxınlaşaraq möhtəşəm nailiyyətlər əldə edib. Sumqayıt tamamilə yenilənib, yeni infrastruktur yaranıb. Hansı ki, bu infrastruktur uzun onilliklər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək.
Tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən konsert proqramı şəhər sakinlərində əsl bayram əhval-ruhiyyəsi yaradıb. Konsert proqramında Mənsum İbrahimov, Faiq Ağayev, Təyyar Bayramov, Nadir Qafarzadə, Ehtiram Hüseynov, Aytən Məhərrəmova, Namiq Məna, Yusif Müstafayev, Nüşabə Ələsgərli, Pərviz Qasımov, Aşıq Əli və Aşıq Samirə, Fəhmin Əhmədli, Gülzar Fərəcova, Rəvanə Əmraslanova, Sədəf Budaqova, Vəfa Şərifova çıxış edib.