SUMQAYITDA MÜSTƏQİL MEDİANIN DURUMU MÜZAKİRƏ OLUNDU

969

IREX təşkilatı Sumqayıt İcma Məlumat Mərkəzində “Müstəqil Medianın Azərbaycanın inkişafında rolu” mövzusunda dəyirmi masa təşkil olundu.
Hazırda IREX təşkilatı Azərbaycanda Yeni Media layihəsini həyata keçirdiyindən bu səpkili tədbirlər tez-tez təşkil olunur. Tədbirə ekspert qismində Azadlıq radiosunun əməkdaşı Maarif Çingizoğlu dəvət olunmuşdu. İştirakçılar əsasən müxtəlif media nümayəndələri olsa da, onların arasında QHT nümayəndələri, tələbələr və qeyri-media sahəsində çalışan gənclərə də rast gəlmək olurdu.
Bu dəfəki tədbir digərlərindən qonaqların sayına və tərkibinə görə fərqlənirdi. Belə ki, ekspert qonaqdan başqa USAİD- in Vətəndaş Cəmiyyəti Proqramının rəhbəri Ülvi İsmayıl, ABŞ Səfirliyinin koordinator köməkçisi Crockett John, ABŞ Dövlət Departamentində ölkə üzrə mütəxəssis köməkçisi Demi Endrit, IREX Azerbaycan “Yeni Media Layihə”sinin rəhbəri Anjela Nicoara, Azərbaycan “Yeni Media Layihəsi”-nin Regional Koordinatoru Ülviyyə Məmmədova, hüquqşünas Ələsgər Məmmədli də dəyirmi masada iştirak edirdilər. Bunlardan başqa təlimçilər Vüqar Səfərov, Əli Novruzov, İlqar Mirzə, Turan İnformasiya agentliyinin nümayəndəsi də dəvətlilər sırasında idi.
A.Nicoara hamını salamlayaraq tədbiri açıq elan etdi. Hər bir münasibət bildirmək istəyən iştirakçıdan fikrini lokanik şəkildə çatdırmaq və 3 dəqiqəyə sığışdırmaq xahiş olundu. Sonra təşkilatın hüquqşünası Ələsgər Məmmədli çıxış edərək təşkilatın Azərbaycanda və əsasən Sumqayıtda medianın inkişafı istiqamətində indiyədək nə kimi xidmətləri olduğu haqqında məlumat verdi.
Ekspert M.Çingizoğlu isə layihənin həyata keçirilməsindən bir neçə il öncə regionlarda medianın vəziyyəti ilə indiki vəziyyətini müqayisə edərək bildirdi ki, IREX-in həyata keçirdiyi Yeni Media layihəsi sayəsində regionlarda vətəndaş jurnalistikası xeyli inkişaf etmişdir.
Söz alan hər bir media nümayəndəsi qonaqlarda Azərbaycan və əsasən də Sumqayıtda yeni medianın vəziyyəti haqqında dolğun və düzgün təsəvvür yaratmağa çalışdı. Şəhərdə mövcud olan kütləvi informasiya vasitələri, onların fəaliyyəti, həmçinin qüsurlar və çatışmamazlıqlar da qeyd olundu. Diskussiyada iştirak edən hər bir şəxs çıxışı zamanı mərkəzin fəaliyyətinə toxunaraq Sumqayıt İcma Məlumat Mərkəzinin xidmətlərinin əhəmiyyətini vurğuladı. Onlar qeyd etdilər ki, bu mərkəz qismən də olsa, hazırda Sumqayıtda mövcud olmayan “Gənclər evi” funksiyasını yerinə yetirir. Digər tərəfdən göstərilən pulsuz internet xidməti məlumatları tez və səmərəli əldə etmək və ötürmək üçün əlverişlidir. Iştirakçıların qeyd etdiyi digər məsələ mərkəz adminstratoru Günel Rəcəbovanı narahat etdiyi kimi onları da narahat edən mərkəzin yerləşdiyi ofisin kiçik olması idi. Xatırladaq ki, təşkilat rəhbərlərinin ötən dəfəki gəlişində də bu məsələ qaldırılsa da müsbət nəticə əldə olunmamışdı.
Tədbir sonadək fikir mübadiləsi şəklində davam etdirildi. Sonda IREX Azerbaycan “Yeni Media Layihə”sinin rəhbəri Anjela Nicoara gələn qonaqlara və iştirakçılara təşəkkürünü bildirdi və görüşdən məmnun qaldığını vurğuladı. www.hayatimiz.org

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər