Polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.
İdarədən AZƏRTAC–a bildirilib ki, aparılan əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. Sumqayıt polisinə daxil olan əməliyyat məlumatı əsasında şəhərin H.Z.Tağıyev qəsəbəsində fərdi yaşayış evlərinin birində narkotik vasitə yetişdirildiyi məlum olub. Belə ki, aparılan tədbirlər zamanı qəsəbə ərazisində Sumqayıt şəhər sakini, 1962-ci il təvəllüdlü Mütəlimov Ağadat Qəzənfər oğlunun həyətyanı sahəsindən ümumi çəkisi 8 kiloqram olan 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb. A.Mütəlimov maddi sübut kimi götürülmüş 11 ədəd çətənə kolu ilə birlikdə istintaq orqanına təhvil verilib.
Sumqayıt polisinin şəhər ərazisində həyata keçirdiyi digər əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfərdən ibarət qrup üzvləri saxlanılıb. Şəhərin 9-cu mikrorayon ərazisində həyata keçirilmiş tədbirlər nəticəsində şəhər sakinləri Elçin İmanov, əvvəllər məhkum olunmuş Tural Bayramlı və Azər Musayev saxlanılıblar. Onların üzərinə keçirilən baxış zamanı heroin aşkar edilərək götürülüb. Məlum olub ki, E.İmanov narkotik maddəni tanışı T.Bayramlıdan alıb. Sonuncuya isə narkotik maddəni A.Musayev satıb.
Daha bir əməliyyat zamanı isə şəhərin müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Teymur Həmzəyev, Arif Hüseynov, Səfər Əliyev və İlqar Əliyev saxlanılaraq istintaqa cəlb edilib. Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı müxtəlif bükümlərdə heroin və psixotrop maddə olan metadon aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.