Bu gün Sumqayıt şəhərində nəzərəçarpacaq inkişaf meyilləri olsa da, hələlik bəzi problemlər qabarıq şəkildə qalmaqdadır. Bu problemlərdən biri də şəhərin park və xiyabanlarında lazımı sayda və səviyyədə sanitar qovşaqlarının (tualetlərin) olmamasıdır. Belə ki, şəhərin lazımlı – mərkəzi yerlərində tualet demək olar ki, yoxdur. Tualetə getmək istəyənlər şəhərdə tualet axtara-axtara qalır. Elələri bilmir neyləsin, hara, kimə müraciət etsin?! Çox vaxt elə olub ki, məsələn mən, məcburən kafelərə yaxınlaşıb xahiş etmişəm. Kafelərin hamısında isə tualet olmur. Üstəlik, kafedə gərək ya tanışın olsun, ya da elə-belə buraxmazlar. Deyirlər, gərək buranın müştərisi olasan, burda oturmalısan, yeyib içməlisən ki, sonra tualetimizdən də istifadə edəsən. İndi deyim sizə necə…
Bu tualet məsələsi ki var, bu, həmişə başımıza bəladır, deyəsən. Xarici ölkələrdən qonağımız gələndə, onu da yanımıza salıb bir yerə getməyə utanırıq artıq.
Bir hadisə məni bu mövzuya toxunmağa vadar etdi. Xarici ölkələrin birindən qonağım gəlmişdi. Həmin qonaqla günün günorta çağı Sumqayıtı seyrə çıxmışdıq. Ona şəhərimizdə aparılan abadlıq-quruculuq işləri haqqında, sürətlə gedən inkişaf barəsində məlumat verirdim. Qonağım birdən mənə təbii ehtiyacını ödəmək istədiyini bildirdi. Sözün düzü, çaşıb qaldım. Düşündüm ki, görəsən, Sumqayıtda harda tualet var? Elə əvvəldən Heydər Əliyev adına parkda və Nəsmi adına dənizkənarı parkda tualet olduğunu bilirdim. Məcbur olub taksiylə dənizkənarı parka getdik. Əcnəbi qonağım məndən soruşdu ki, inkişaf budur?! Sizdə heç tualet yoxdur ki..!
Doğrudan da, düşünəndə heyrətə gəlirsən ki, bu qədər restoranlar tikirlər, hər yerdə abadlıq işi gedir. Amma.., əsas “məsələ”lərdən biri yaddan çıxır.
Azərbaycan xalqı bacarıqlı xalqdır, istənilən ən əlçatmaz malı dünyanın o başından gətirib bizim bazara çatdırır. Restoran, dükan, ticarət və servis mərkəzləri boldur, nəqliyyat işləyir, məktəb və ali təhsil ocaqları artır, internetdə hər gün bir sayt açılır, hətta hərbi maşın da istehsal edirik. Bircə təbii ehtiyacımızı ödəməyə yerimiz yoxdur, ha axtarırsan, tapa bilmirsən. Şəhərin bəzi yerlərində bir bir neçə özəl tualet var, danmıram, amma vallah ora giriləsi deyil, bərbad gündədir, baxan da yoxdur, sanki. Belə çıxır ki, bu tualet məsələsinə heç kim yaxın durmur və istəmir də. Nə büdcədən pul ayrılır, nə də ayrı-ayrı fərdlər bu xırda biznesdə maraqlıdır. Bu ilk baxışdan əhəmiyyətsiz görünən sahəyə maya yatırılmır, biznesmenlər özünü kənara çəkir, bələdiyyə və icra strukturları da problemi elə bil görmür. Bununla məşğul olan nə bir sayta, nə də bir QHT-yə rast gəlinir.
Turizm biznesini inkişaf etdirən ölkə şəhərin lazımı yerlərində səviyyəli, hər cür şəraitə malik tualetlər inşa etməlidir. Anlamaq çətin deyil ki, bunsuz turist gəlməyəcək. Ayaqyolu yoxdursa, valideynlərinin bahalı maşınının təkəri önündəcə ehtiyacını ödəyən uşaqlarla tez-tez rastlaşacağıq. Bayramlar, kütləvi tədbirlərdən sonra nə baş verdiyini isə kommunal təsərrüfat işçiləri bizdən yaxşı bilir. Sahənin inkişafı qanuna dəyişiklikdən başlamalıdır. Böyük dükanlar, ticarət mərkəzləri, supermarketlərdə məcburi qaydada ayaqyolu inşa olunmalıdır. Özü də böyük obyekt bundan pul qazana bilməz, ayaqyolu pulsuz xidmət etməlidir. Digər kiçik xidmət obyektlərində tualet inşasının mexanizmi düşünülməlidir.
Özümüzə lazım deyilsə, bu sahəni çinlilərə də verə bilərik. Yaxın zamanlarda Sumqayıtda ürəyin istəyən qədər ayaqyolu olar, tərtəmiz, gül ətirli. Lap Çinin paytaxtındakı kimi. 20 milyonluq Pekində 7000 ayaqyolu var…
Ramil Zeynallı, “xeberle.com” saytının baş redaktoru