“Sumqayıtda normal fəaliyyət göstərəcək kinoteatr olacaq”

672

Sumqayıt şəhərinin müxtəlif idarə və qurumlarının rəhbərləriylə müsahibələrimizi “Məmur və cəmiyyət” adlı yeni rubrikamızda sizlərə təqdim edirik. İlk olaraq Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qaffarovla görüşüb-söhbətləşdik. Müsahibəni olduğu kimi ixtiyarınıza veririk.

– Namiq müəllim, bildiyimiz kimi, sentyabrın 26-da Sumqayıtda Şəhər günü qeyd olunur. Öncə bu bayrama hazırlıqlarla bağlı söz açardınız. Hazırlıqlar necə davam edir? Bu dəfə hansısa yeniliklər, dəyişikliklər olacaqmı?

– Hər il şəhər günündə biz çalışırıq ki, budəfəki daha maraqlı, daha əhatəli olsun. Hər dəfə nəsə təzə bir fikir, ideya reallaşdırmağa səy göstəririk və nə yaxşı ki, bu uğurlu alınır. Təfərrüatlarını çox da açıqlamaq istəmirəm, amma anons olaraq söyləyim ki, şəhər günü münasibətilə Rusiyadan məşhur bir qrup dəvət olunacaq. Dövlət Rəqs Ansamblının çıxışı da nəzərdə tutulur. Rayonlarımızdan müxtəlif musiqi kollektivləri dəvət edəcəyik, şəhərimizin musiqi kollektivləri də geniş şəkildə iştirak edəcək. Rəsmi keçiddən sonra motofristayl da təşkil olunacaq. Ötənilki kimi şəhər gününün qeyd olunmasına Sumqayıtın qədim yaşayış məskəni olan Corat qəsəbəsindən başlanılacaq və tədbir Bayraq meydanında davam etdiriləcək. Hazırda qədim Corat qalasınının bədii-tərtibat işlərini aparırıq. Ssenaridə gözlənilməz qonaqlar yenə də olacaq. Bilirsiniz ki, Roma sərkərdəsi Pompey Qafqazda olub, bu o deməkdir ki, ötənilki kimi, Pompey yenə tədbirimizin əsas “iştirakçı”larından biridir. Üstəlik dünya şöhrətli fransız yazıçısı Aleksandr Düma da Qafqazda – Azərbaycanda olub, odur ki, A.Düma da ssenarimizdə var və o ölkəmizlə bağlı təəssüratlarını danışacaq. Tədbirin Coratdan başlanılmasının da öz səbəbləri – üstünlükləri var, çünki bu qəsəbə 2000 il yaşı olan bir insan məskənidir və buranın təbliğatı baxımından çox vacibdir. Bayraq meydanı demişkən, sentyabrın 17-də meydanın açılışı nəzərdə tutulub. Böyük sayda şəhər ictimaiyyəti nümayəndələrinin qatılacağı gözlənilən bu tədbir saat 15:30-da baş tutacaq. Hər kəsi bu açılışa dəvət edirik! Xatırladım ki, hündürlüyü 75 metr olması nəzərdə tutulan və İcra Hakimiyyətinin binasının önündə olan Bayraq meydanı digər rayonlar və şəhərdə olan bayraq meydanlarından fərqlənəcək. Belə ki, sözügedən Bayraq meydanının dirəyi öz möhkəmliyi ilə seçilir. Onun dirəyinin 15 metri yerin dərinliyinə gedib çıxır. Ərazinin hər tərəfinə daş döşəmələr düzülüb. Bu, çox gözəl meydan olacaq.

– Hazırda sizin balansınızda kinoteatr, mədəniyət evləri və klubları var. mədəniyyət və turizm idarəsinin rəsisi kimi, onların ümumi vəziyyəti sizi nə dərəcədə qane edir?

– Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin balansında olan mədəniyyət müəssisələrinin strukturuna aid olan bir çox müəssisələr bizim balansımıza aid olmyan tikililərdə yerləşir. İzah edirəm, mədəniyyət klublarının bir qismi, kitabxanaların böyük əksəriyyəti yaşayış binalarının 1-ci mərtəbəsində yerləşir, o cümlədən Mərkəzi Kitabxana daDövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin balansındadır, yəni biz oradan istifadə edirik. Balansımızdakı C.Cabbarlı adına Mədəniyyət evi, N.Nərimanov adına Mədəniyyət evi, Dövlət Rəsm Qalereyası, Sumqayıtın Tarixi Muzeyinin ayrıca öz binaları var. Son 4 ildə Sumqayıtın Tarixi Muzeyi, Dövlət Rəsm Qalereyası, N.Nərimanov adına Mədəniyyət evi, Mərkəzi Kitabxana, Bülbül adına Uşaq İncəsənət Məktəbi əsaslı şəkildə təmir olunub, maddi-texniki bazası yenilənib. Bunların hər birinin özünün qazanxanası, soyutma sistemləri var. Çalışmışıq ki, işləmək üçün maksumum dərəcədə normal şərait yaradaq. Məsələn, N.Nərimanov adına Mədəniyyət evi yeni inventarlarla tam təmin olunub, işıqlandırma, səsləndirmə sistemləri tam olaraq yenidən qurulub və hazırda yaxşı hesab ediləcək müəssisələrimizdən biridir. Digər adını çəkmədiyim müəssisələr haqda isə bu sözləri demək olmur. Çünki onların əksəriyyəti uyğunlaşdırılmış və uzun illərdir ki, əsaslı və cari təmir olunmayıb. Bunların da obyektiv və subyektiv səbəbləri var. Biz çalışırıq ki, hər il ayrılan vəsait hesabına bir neçə müəssisəni cari təmir edək. Artıq hazırda da bir neçə kitabxanada istilik sistemi qurulub, mərkəzləşmiş istlik sisteminə qoşulub. Bir neçə musiqi məktəbində cari məmir işləri aparılıb, məsələn, 3 saylı musiqi məktəbinin fasad hissəsi tam yenilənib. Sponsor, daxili imkanlar hesabına bir sıra müəssisələrimizdə də təmir işləri aparılıb. Bir neçə klub, musiqi məktəbi, kitabxanalarda, o cümlədən əyləşdiyimiz Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin inzibati binasında da əsaslı yenilənmə işləri aparılıb. İlin sonuna qədər bu işlər mərhələli şəkildə davam etdiriləcək.
– Hazırda şəhərimizin mədəniyyət müəssisələrində çalışan ixtisaslı kadrlardan söz açardınız. Yeni gələn kadrlar necə, sizi nədərəcədə qane edir?
– Faktla danışsam, 1100 nəfərə yaxın işçimiz var, təqribən 10 faizi ali, 60 faizi orta ixtisas təhsillidir. Qalanı da texniki işçilər istisna olmaqla, orta təhsillidirlər. Hazırda vəzifəsində ixtisasına uyğun olmayaraq çalışan kadrlar demək olaraq yoxdur. Daha dəqiq desəm, son 4 ildə 1 nəfər də olsun, qeyri-ixtisas təhsilli kadrı işə cəlb etməmişik. Bizdə struktura uyğun olaraq, işə qəbəl və işdən azad edilmə fərqlənir. Bu, məsələn, uşaq incəsənət məktəblərinin, Mərkəzi kitabxananın, muzey və qalereyanın direktorları tərəfindən aparılır. Mədəniyyət idarəsi yalnız klub müəssisələri üzrə işə qəbul və işdən azadolma vəzifəsini birbaşa daşıyır. Bu o demək deyil ki, onlar tam müstəqil olaraq bunu həyata keçirirlər. Tutalım, sənədlər bizə təqdim olunur, dərkənardan sonra əmrlə işə götürülürlər. Hazırda ali və orta ixtisas təhsilli xeyli insan bizə müraciət edib. Və biz də öz növbəmizdə, vakansiyalar yaranarkən işçi seçimində daha çox ali təhsillilərə üstünlük verməyi qarşıya məqsəd kimi qoymuşuq. O ki qaldı yeni kadrların səviyyəsinə, bilirik ki, institut insana tam nəzəri bilik versə də, normal praktiki biliklər aşılaya bilmir. Və təəssüf ki, bu, daha çox yaradıcılıq ixtisaslarına aiddir, xüsusən, bu, musiqi sahəsinə. Yeni kadrların əksəriyyəti qənaətbəxş deyil. Mən günahı yenə də özümüzdə görürəm. Onlar bizim musiqi məktəblərini bitirib teznikumlarımızda, kolleclərimizdə, universitetlərmizdə oxuyan öyrəncilərdir. Amma içərisində yaxşı perspektiv vəd edən gənclər də az deyil.
– Şəhərimizdə mədəni-kütləvi tədbirlərin keçirilməsində Sumqayıt Dövlət Musiqili Dram Teatrıyla yaxından əməkdaşlıq edirsiniz. Maraqlıdır, sizin mədəniyyət evləri və klubları o səviyyədə deyilmi ki, bunu sırf öz resurslarınız sayəsində həyata keçirəsiniz?
– Əvvəla, Sumqayıt teatrı dövlət kollektividir, peşəkar kollektivdir. Bizim klublardakı bədii-özfəaliyyət dərnəkləri isə həvəskar insanlardan cəmlənib. Odur ki, peşəkarla həvəskarı bir tərəziyə qoymağı məqbul hesab etmirəm. Amma bədii-özfəaliyyət dərnəklərimizdən də biz bu tədbirlərdə istifadə edirik. Məsələn, N.Nərimanov adına Mədəniyyət Evində bütün janrları əhatə edən çox gözəl bədii-özfəaliyyət kollektivləri var. Digər mədəniyyət evlərində də belə imkan var. Və şəhər tədbirlərdində onlardan çox səmərəli şəkildə istifadə edirik.
– Mədəni istirahətə, əyləncəyə böyük önəm verən Sumqayıtlı gənlər hazırda şəhərdə normal bir kinoteatrın fəaliyyət göstərməməsində çox narahatdırlar.Çünki onlar daha çox paytaxta üz tuturlar. Amma çox arzu edirlər ki, sumqayıtda da normal bir kinoteatr olsun.
– Ölkə başçısının 2006-cı ildə imzaladığı müvafiq sərəncamı ilə Sumqayıtdakı bütün teatrlar, Nizami kinoteatrı xaric, özəlləşməyə çıxarıldı. Adətən bu, məcburi xarakter daşımır, amma özəlləşmiş müəssisə heç olmasa 3 il ərzində öz profilinə uyğun işlədilməlidir, amma təəssüf ki, buna nə paytaxtda, nə də şəhərimizdə riayət olunmur. Nizami şəhərmizin ən böyük kinoteatrıdır, 500 nəfərlik yer tutumuna malikdir. Hafizəm məni aldatmırsa və uzun illər şəhərin mədəni sferasında çalışan şəxslərin də sözlərinə görə sözügedən kinoteatr heç vaxt əsaslı şəkildə təmir olunmayıb. Həmin müəssisə təsərrüfat hesablı olduğundan idarəmiz, yaxud digər aidiyyəti qurum tərəfindən orada hansısa cari və əsaslı təmir işi həyata keçirilməsi imkan xaricindədir. Vəziyyətdən çıxış kimi ötən illərdə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik və buna nail olmuşuq ki, Azərbaycan kinosunun inkişafına dair Dövlət Proqramına müvafiq olaraq respublikanın bir çox kinoteatrları, o cümlədən Nizami kinoteatrı da gələcəkdə dövlət hesabına təmir olunacaq müəssisələrin siyahısına salınıb. Və bunun da nə vaxt reallaşacağını sizə dəqiq söyləyə bilmərəm. Amma inanıram ki, yaxınlarda Sumqayıtda normal fəaliyyət göstərəcək kinoteatr olacaq Üstəlik, N.Nərimanov adına Mədəniyyət Evində video, audio avadanlıqları almışıq və istəyirik ki, Azərbaycan filmlərini burada zaman-zaman nümayiş etdirək. Məsələn, biz ötən il Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi İB ilə birgə Milli Kino gününü qeyd etdik və sözügedən avadanlıqlar sayəsində filmlər də nümayiş etdirdik. Bu il isə həmin təşkilatla birgə Milli Teatr gününü keçirdik. ” Xeberle.com””

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər