Sumqayıtda Novruz bayramına ən böyük paxlava bişirildi

775

Bolluq və xeyirxahlığın təcəssümü olan Novruz bayramı Sumqayıtda böyük ruh yüksəkliyi ilə qeyd edilmişdir. Şəhərin sahibkarları çox ləzzətli hədiyyə – uzunluğu 21 metr, eni 5 metr və çəkisi 5 ton 300 kiloqram olan nəhəng paxlava bişirmişlər. Günorta şəhərin minlərlə sakini Sumqayıt Şəhər İcra Hakimiyyətinin inzibati binası yanında yerləşən əsas meydana toplaşmışdır.

Burada dünyanın ən böyük paxlavasının təqdimatı olmuşdur. Hamı, xüsusən də uşaqlar şərq şirniyyatının dequstasiyası anını gözləyirdi. Yaxınlıqda 700 litr su tutan və üzərində şəhərin emblemi döyülmüş böyük bir samovar tüstülənirdi. Arzu edənlərin demək olar ki, hamısı şənliyə xüsusi kolorit verən bayram paxlavasından dadıb, ətirli Azərbaycan çayı içə bildi. Gözəl bəzədilmiş səhnədə müğənnilər, rəqqaslar, xanəndələr bir-birini əvəz edərək öz ifaları ilə toplaşanlarda yaxşı əhval-ruhiyyə yaradırdılar. Xüsusi meydançalarda məişətimiz, mərasimlərimiz, bütövl ükdə qədim bayram atmosferi canlandırılmışdı. Hər yerdə musiqi səslənir, bayram əhval-ruhiyyəsi hökm sürürdü.

Günəş daha parlaq işıq saçanda və öz hərarəti ilə hər yeri qızdırmağa başlayanda insanlar Novruzun gəlişini səbirsizliklə gözləyirlər. Həmin gün Sumqayıtda da məhz belə oldu. Çöhrələrdəki təbəssüm, gözlərdə işıq saçan qığılcımlar Novruzun gəlişindən xəbər verirdi. Tədbirdə iştirak edən şəhər ağsaqqalları və veteranlar qeyd etmişlər ki, təşkilatçılar sumqayıtlılar üçün əsl bayram hazırlamağa çalışmışlar.
Tədbirdə şəhərin rəhbərliyi də iştirak etmişdir. Bayram tonqalı qalanmış, şəhərin bütün parklarında və xiyabanlarında kütləvi gəzintilər axşamadək davam etmişdir.

Ətrabə Rzayeva (AzərTAc)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər