Sabah – aprelin 15-də respublikanın nüfuzlu inşaat rəhbərlərindən olan Prezident təqaüdçüsü, Azərbaycanın Əməkdar mühəndisi, uzun illər Sumqayıtın 1 №-li Tikinti Trestinə rəhbərlik etmiş Maxsudəli Maxsudovun yubileyi – 80 illiyidir
O, xoşbəxt adamdır. Taleyi həmişə üzünə gülüb. Ancaq bütünlükdə ömür yolları heç də tam hamar olmayıb. Çətinlikləri, problemləri də, istəməyənləri, işinə pəl vurmağa çalışanlar da olub. Əvvəllər tikinti idarəsinin, sonralar isə respublikada ən böyük tikinti trestlərindən birinin rəhbəri olsa da, heç vaxt sakit, rahat həyata can atmayıb. Səliqə-sahmanlı kabinetdə yox, qızğın, gərgin işlərin aparıldığı tikinti meydançalarında, qışın qarlı-çovğunlu havasında, yayın qızmarında çöldə-bayırda daha çox olub. Başçılıq etdiyi əməksevər kollektivin gücü ilə gördüyü işlər həcminə və çətinliklərinə görə onu çox sınaqlara çəksə də, heç vaxt ruhdan düşməyib, sınmayıb, mövqeyindən geri çəkilməyib, işini qətiyyətlə, prinsipiallıqla davam etdirib. Elə bu dönməz, prinsipial xarakterinə görə ona, rəhbərlik etdiyi trestin kollektivinə hər zaman respublika əhəmiyyətli, vaxtında yerinə yetirilməsi bəzən o qədər də real görünməyən mühüm dövlət tapşırıqları verilib. Böyük işlərin öhdəsindən vaxtında, layiqincə gəlməsi üçün ara-sıra müxtəlif vəzifə sahibləri ilə qeylü-qalda da olub, lakin haqlı, ya haqsız mübarizədən çəkinməyib, sözünü mərdi-mərdanə deyib, “döyüşü” sonacan, uğurla davam etdirməyi bacarıb.
Tikinti meydançalarında, müxtəlif səviyyəli müşavirələrdə və digər tədbirlərdə onu hərdən tənqid edənlər də (etiraf edim ki, 80-ci illərin ortalarında mən də “Vışka” qəzetində trestlə bağlı iki dəfə tənqidi məqalə vermişdim), narazı olanlar da olub. Ancaq çalışqan, zəhmətkeş kollektivi ilə birgə gördüyü işləri uğurla başa çatdırdıqdan sonra hətta “narazılar” da bəzən onun əllərini sıxıb, səmimi etirafla “cücə-payız” məsəlini yada salaraq, “sən qalib gəldin, Maxsud, sən haqlı çıxdın” deyib, onun işgüzarlığından, mühəndis bacarığından razılıq bildiriblər.
Təsadüfi deyil ki, çoxillik və səmərəli inşaatçı fəaliyyətinin nəticəsi olaraq Maxsudəli müəllim (o, daha çox Maqsud Maqsudov kimi tanınır) düz 30 ildir ki “Azərbaycanın Əməkdar mühəndisi” fəxri adını daşıyır, Sumqayıtın, həmçinin respublikanın sosial-iqtisadi inkişafında xidmətlərinə görə “Tərəqqi” medalına, 2019-cu ildə isə fərdi Prezident təqaüdünə layiq görülüb.
***
…Maxsudəli Maxsudov 15 aprel 1941-ci ildə – Hitler Almaniyası SSRİ-yə qarşı müharibəyə başlamazdan iki ay əvvəl İmişli rayonunun Bəcrəvan kəndində dünyaya göz açıb. Müharibənin məhrumiyyətləri onların da ailəsindən yan ötməyib. Kolxozda adi fəhlə işləyən atası Abbas kişi ailənin sonbeşiyi olan Maxsud 3 yaşında ikən – 1944-cü ildə ağır xəstəlikdən vəfat edib. Buna görə də 5 uşaq anası olan Buta xala çiyinlərinə çökmüş ağırlıqlar altında balalarını dolandırmaq, onları böyüdüb, ağ günə çıxartmaq üçün gecə-gündüz kolxozda çalışmalı olub. Yaxşı ki, Maxsuddan böyük olan bacı və qardaşları illər ötdükcə bacardıqları qədər analarına kömək edib, dayaq olublar. Övladlarını canından artıq sevən, onların yolunda hər əzab-əziyyətə dözən Buta xalanın və qardaş-bacılarının himayəsi, qayğısı ilə böyüyən Maxsud 1948-ci ildə kənd orta məktəbinin ilk sinfinə daxil olmuş və onilliyi yaxşı və əla qiymətlərlə bitirərək, 1958-ci ildə o dövrün ən nüfuzlu, eyni zamanda peşəkar müəllimlərinin yüksək tələbkarlığına görə “çətin” sayılan Azərbaycan Dövlət Politexnik İnstitutunun qəbul imtahanlarından uğurla keçərək, inşaat fakültəsinin “Sənaye və mülki tikinti” şöbəsinə daxil olur. İnstitutun əyani şöbəsinə qəbul olunmuş olsa da, o dövrün ciddi tələblərinə uyğun olaraq qrup yoldaşları ilə bigə o da ilk il yarım ərzində gündüz işləyib, gecə oxumalı olub. Əslində bu elə Maxsudun özü üçün də sərfəli idi. Çünki il yarım ərzində Bakı şəhər Baş Tikinti Trestinin 7 №-li tikinti idarəsində fəhlə kimi çalışmaqla həm tələbə ehtiyaclarını ödəyə bilir, həm də ailəsinə dayaq olurdu.
Nəhayət, çətin və gərgin təhsil illəri başa çatır və Maxsud 1964-cü ilin dekabrında Dövlət imtahan komissiyası qarşısında öz diplom işini uğurla müdafiə edərək, inşaatçı-mühəndis ixtisası qazanır. Və 5 il yarımlıq ali təhsildən sonra doğma kəndlərinə gedib, aldığı mühəndis diplomu ilə anasını və bacı-qardaşlarını sevindirərək, o dövrkü qayda üzrə bir ay istirahət edib, Bakıya qayıdır. 1965-ci ilin fevralından təyinat üzrə respublika Sənaye Tikintisi Nazirliyinin Sumqayıt şəhərindəki 1№-li Tikinti Trestinin 16 №-li idarəsində usta kimi fəaliyyətə başlayır. Bu vəzifədə çalışarkən onun tikintisini apardığı ilk obyektlər sonralar Sumqayıt məktəblilərinin Sarıqaya massivində sevinclə yay istirahətlərini keçirdikləri “Metallurq”, “İnşaatçı” və “Kimyaçı” pioner düşərgələri olub (təəssüf ki, indi onlardan heç bir əsər-əlamət qalmayıb. Onları daim xalq malını əlinə keçirməyə çalışan böyüklü-kiçikli məmurlar, oliqarxlar zəbt edərək, özlərinin alınmaz qalalarına çeviriblər).
Sonralar Maxsud müəllim həmin idarədə iş icraçısı, sahə rəsi olmuş, Azərbaycan Boru-prokat zavodunda aparılan geniş miqyaslı rekonstruksiya işlərində qazandığı təcrübə, göstərdiyi mühəndislik bacarığı və biliyi nəzərə alınaraq, idarənin baş mühəndisi, 1975-ci ildə isə 18 №-li Tikinti İdarəsinin rəisi vəzifəsinə təyin edilir.
İşinə olan məsuliyyəti, yüksək texniki savadı, müxtəlif təyinatlı inşaat texnikasından istifadənin səmərəliliyinin artırılması üçün tətbiq etdiyi texniki yeniliklər, işgüzarlığı və eyni zamanda yüksək təşkilatçılıq bacarığı sayəsində o, artıq 1980-ci ildə daha məsul işə – 1№-li Tikinti Trestinin Baş mühəndisi vəzifəsinə irəli çəkilir. Bu, həmin dövr idi ki, Ulu öndər Heydər Əliyevin Azərbayacanın sürətli sosial-iqtisadi inkişafına yönəlmiş çoxşaxəli fəaliyyətinin, səmərəli tədbirlərinin nəticəsi olaraq respublika bütünlüklə geniş bir tikinti meydançasını xatırladırdı. Kənd təsərrüfatında olduğu kimi ölkə sənayesinin də bütün sahələrində – kimya, meft-kimya, metallurgiya, energetika və s. sahələrdə böyük miqyasda yenidənqurma, genişləndirmə işləri aparılırdı. Təkcə Sumqayıtın Boru-prokat, Sintetik kauçuk, Superfosfat, Məişət kimyası zavodlarında tikilməkdə olan yeni istehsalatlar, tətbiq edilən yeniliklər xeyli işçi qüvvəsi və böyük texniki potensial tələb edirdi. Maxsud müəllim Trestin baş mühəndisi kimi Boru-prokat zavodunun boruyayma sexində yeni texnoloji xəttin, Sintetik kauçuk zavodunda Yaponiya istehsalı olan yüksək məhsuldarlıqlı müasir EP-300 kompleksinin inşasına, eyni zamanda Superfosfat zavodunda yeni sulfat turşusu sexinin tikintisinə uğurla texniki rəhbərlik edir, bütün biliyi, bacarığı ilə işlərin sürətlə, həm də keyfiyyətlə aparılması üçün gecə-gündüz çalışmalı olurdu. Çünki həmin obyektlərin hər biri öz iqtisadi əhəmiyyətinə görə həm Moskvanın, həm də Azərbaycan rəhbərliyinin ciddi nəzarətində idi. İnşaat-quraşdırma işlərinin qrafikindən kənara çıxmaq, subpodryad təşkilatların iş cədvəlini pozmaq qəti şəkildə yolverilməz idi. Bu, heç mümkün də deyildi. Çünki hər bir obyektdə Mərkəzi Komitə və Nazirlər Soveti tərəfindən müvafiq nazirlik, baş icraçı təşkilat və müəssisə rəhbərlərindən ibarət yaradılmış operativ qərargah bütün tikinti-quraşdırma işlərini diqqətlə izləyir, həftədə ən azı iki dəfə müşavirə keçirərək, işlərin gedişini müzakirə edir, hər bir sahənin lazımi avadanlıq, texnika və materiallarla vaxtında, qabaqcadan təmin edilməsinə, briqadaların işində boşdayanmalara yol verilməməsinə çalışırdı.
Baş mühəndis kimi 1№-li Trestin fəaliyyətinin səmərəli təşkil edilməsinə bacarıqla nail olduğuna görə Maxsud Maxsudov 1984-cü ildə (43 yaşında) ilk gündən əzmlə, fədakarlıqla çalışdığı, respublikanın ən böyük işçi qüvvəsinə və istehsal potensialına malik həmin Trestin müdiri təyin edilir. Onun rəhbərliyi dövründə 19 tikinti idarəsi, üç min nəfərə yaxın işçisi olan Trestin kollektivi təkcə Sumqayıtda deyil, respublikanın digər şəhər və rayonlarında da geniş miqyaslı, böyük həcmli tikinti-quraşdırma işləri aparırdı. Bakının Dərin özüllər zavodunda tikilməkdə olan istehsalat sexləri, Sahil qəsəbəsində yeni tədris korpusu, Bakı-Novorossiysk neft kəmərinin Ucar rayonu sahəsindəki ötürücü nasos stansiyası və s. Maxsud müəllimin rəhbərliyi ilə aparılan tikinti işlərinin xəritəsinə daxil idi. Və bütün bu işlərin öhdəsindən gəlmək trest inşaatçılarından gərgin əməklə yanaşı işə böyük həvəs və maraq da tələb edirdi. Maqsud müəllim isə öz şəxsi nümunəsi, inşaatçılara göstərdiyi maddi həvəsləndirməsi, hər bir işçiyə diqqəti və mənəvi qayğısı ilə buna nail olmağı bacarırdı.
“Planı pozmusan, sabahdan işdən çıxarılırsan!” şoku…
İşçərin heç də pis getmədiyi bir vaxtda Mərkəzi Komitənin o vaxtkı katibi, insanlığına, vətənpərvərliyinə görə xalqın böyük rəğbət bəslədiyi, lakin işdə yol verilən heç bir nöqsanı, məsuliyyətsizliyi qəbul etməyən, ədalətli olması ilə yanaşı prinsipiallığı ilə də seçilən Həsən Həsənova bir gün məlumat çatır ki, Maxsud Maxsudovun tresti Sumqayıt Superfosfat zavodyunda tikilməkdə olan yeni sulfat turşusu sexinin nəzərdə tutulan iş həcmini yerinə yetirməyib, planı kəsirdə qoyub. Bunu eşidən Mərkəzi Komitə katibi belə bir faktın respublika üçün yolverilməz olduğunu bildirərək, trestin müdirinə narazılıqla, kəskin şəkildə deyir: “planı pozmusan, sabahdan işdən çıxarılırsan!”.
Gecə-gündüz yorulmaq bilmədən çalışan Maxsud müəllim eşitdiyi gözlənilməz xəbərdarlıqdan şoka düşüb, nə edəcəyini bilmir. Dərdini kimə desin? Əlacsız qalıb, vaxt itirmədən Sumqayıtın o vaxtkı rəhbəri, çox gözəl insan olan, kadrları qiymətləndirməyi bacaran Cahangir Müslümovun yanına gedir və vəziyyəti ona danışaraq deyir:
– Cahangir müəllim, bildiyiniz kimi, trestimiz ötən ay bütün gücünü buraxılış obyekti olan EP-300-də tikinti-quraşdlrma işlərinin tamamlanmasına verib. EP kompleksi İttifaq əhəmiyyətli, ilk növbədə vacib olduğundan, əsas qüvvəmizi ora yönəltmişdik, orda işi ləngidə bilməzdik. Bu səbəbdən də Superfosfat zavodundakı işlərimizi tam yerinə yetirə bilməmişik, bir az kəsirimiz qalıb, ancaq inanın ki, bu ay ordakı işlərimizi artıqlaması ilə başa vuracağıq. Lakin Mərkəzi Komitə katibi Həsən müəllim sabahdan mənim işdən çıxarılacağımı bildirib. Düzü, mənim elə bir arxa-dayağım yoxdur ki, məni müdafiə etsin, Mərkəzi Komitə katibinə mənim sözümü deyə bilsin…
Cahangir müəllim Trestin işgüzar rəhbəri kimi tanıdığı M.Maxsudovu diqqətlə dinləyib deyir:
- Kim deyir ki, sənin arxa-dayağın yoxdur? Bir dəqiqə…
Və hökumət telefonunun dəstəyini götürərək, Mərkəzi Komitə katibinin üç rəqəmli nömrəsini yığıb, hörmətlə salamlaşaraq, ona Trestlə bağlı məsələnin nə yerdə olduğunu səbrlə, ətraflı izah edir.
Şəhər rəhbərini diqqətlə dinləyən Həsən müəllim tapşırır ki, qoy onda Maxsudov sabah Superfosfat zavodunun qərargahına gəlsin, məsələni elə orda, yerində araşdıraq. Səhərisi gün Həsən Həsənov operativ qərargahda keçirdiyi müşavirənin sonunda yalnız Maxsud müəllimin yox, heç kəsin gözləmədiyi halda üzünü dünən “incitdiyi” trest müdirinə tutaraq 50-60 nəfərin yanındaca deyir:
– Bəli, olur ki, Mərkəzi Komitə katibi də səhv qərar verir. Sənə inandım, EP-300-ə görə çox sağ ol. İşini davam elə…
Maxsud müəllim Cahangir Müslümzadənin təmənnasız qayğıkeşliyini, əsl kişi mərdanəliyini və Həsən Həsənovun özünəməxsus etirafını, mənəvi böyüklüyünü bu gün də dərin ehtiramla, minnətdarlıqla xatırlayır.
Xalqın taleyinə biganə olmayan, qayğıkeş, vətənpərvər adam
1988-ci ildə erməni millətçiləri Dağlıq Qarabağ iddiası ilə Azərbaycana qarşı düşmənçiliyə başladıqdan sonra Moskvanın bütün cəhdlə bizi – haqlı tərəfi yox, təcavüzkarı müdafiə etdiyini görən respublikanın o vaxtkı rəhbərliyi Kremlin və ermənilərin qəzəbinə düçar olmamaq üçün Ermənistandan didərgin salınmış həmyerlilərimizi Qarabağa yerləşdirməyə risq etməyib, guya bədxah qonşulara qarşı “dinc” bir demoqrafik plan qurmağa çaışaraq, Xocalıya şəhər statusu verməklə onun yenidən qurulmasına, genişləndirilməsinə qərar vermişdi. Respublikanın digər tikinti təşkilatlarından olduğu kimi Sumqayıtın 1№-li Trestinin də bir-neçə briqadası sabaha xoş ümidlə, həvəslə Xocalıda yeni sosial obyektlərin – poçt və yaşayış binalarının tikintisində, müxtəlif emalatxanalar yaradılmasında, su çəkilişində və s. fəallıqla iştirak edirdilər. Vaxtaşırı Maxsud müəllimin özü də sovet əsgərlərinin “buraxılış vərəqəsi” ilə Əsgərandan keçib, inşaatçılara baş çəkir, onların ərzaqla, lazımi tikinti materialları ilə təmin edilməsinə şəxsən diqqət yetirir, qayğı göstərirdi. Təəssüf ki, o vaxtkı respublika rəhbərliyinin qətiyyətsizliyi, tədbirli olmaması üzündən Xocalıda bir ilə yaxın görülən işlər əhəmiyyətsiz oldu – erməni faşistləri əks plan quraraq, 1991-ci il fevralın 25-26-da gecə ikən Xocalıya hücum edib, şəhəri yandırdılar, yüzlərlə sakini qətlə yetirdilər, amansız divan tutdular…
1992-ci ilin mayında Şuşa və Laçından olan həmvətənlərimiz Sumqayıta pənah gətirəndə onların çoxu – 300 nəfərə qədər adam bir vaxt 1№-li Trestin Sarıqaya ərazisində inşa etdiyi “İnşaatçılar” pansionatına sığınmışdılar. Onların su, qaz, içıq xərclərini öz üzərinə götürən Trest kollektivi Maxsud müəllimin təklifi ilə bir müddət onlara ərzaq yardımı da göstərilirdi. Başqa cür ola da bilməzdi, axı o özü hələ uşaqlıqdan yaşayış çətinliyinin, məhrumiyyətin nə olduğunu bütün acılığı ilə bilirdi.
1994-95-ci illərdə Maxsud müəllim Sənaye Tikintisi nazirinin müavini Şaiq Eyyubovun başçılıq etdiyi inşaatçılar heyəti ilə birgə bir-neçə dəfə 4-5 maşından ibarət yardım karvanı ilə Bağanis-Ayrım, Əskipara, Barxudarlı, Xeyrimli və digər kəndləri düşmən hücumuna məruz qalmış Qazax rayonuna tikinti materialları, metal məmulatlar, dam örtükləri və s. aparmış, döyüşçülərə ərzaq yardımları etmişdilər.
Təsadüfi deyildi ki, Trest rəhbəri kimi həmin illərdə Dağlıq Qarabağın sosial-iqtisadi inkişaf proqramının yerinə yetilriməsində fəal iştirakına, azərbaycanlı əhalinin yaşayış şəraitininın təmin edilməsi üçün göstərdiyi şücaətə və köməyə görə Maxsud Maxsudov “Azərbaycan Respublikasının Əməkdar mühəndisi” fəxri adına layiq görülmüşdü. Bu, düz 30 il əvvəl olmuşdu. l
Arxada illər qaldı, irəlidə isə hələ çox illər var…
Əmək fəaliyyətinə uzaq 1965-ci ildə başlayan Maxsud müəllim ömrünü mənalı yaşayaraq, düz 36 il eyni müəssisədə – 1№-li Tikinti Trestində çalışıb. Onun rəhbərliyi ilə nəinki sənaye, həm də çoxlu sayda sosial obyektlər, yaşayış evləri tikilib. Bu gün haqlı olaraq fəxr edir ki, şəhərin ən böyük və yaraşıqlı, müasir mədəniyyət ocağı – “Kimyaçı” sarayı məhz onun rəhbərliyi ilə tikilib. Düzdür, tikintinin gedişi zamanı Moskva onun maliyyələşməsini bir ara qəsdən (yəqin ki, SSRİ kimya sənayesinin erməni naziri Kostandovun “barmağı”nın işarəi ilə) dayandırmışdı. Yalnız Ulu öndər Heydər Əliyev işə qarışdıqdan sonra məsələ yoluna qoyulmuş, tikinti başa çatdırılmışdı. (Bir vaxt EP-300-ün tikintisinin də maliyyə və digər problemləri də məhz o zamanlar SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifə tutan dahi, vətənpərvər rəhbərimizin sayəsində həll edilmişdi).
Təəssüf ki, ötən dövrün 90-cı illərində respublikada hökm sürən hərc-mərclik və iqtisadi böhran Sumqayıtın böyük əmək ənənələri olan, respublikanın inşaat-quraşdırma sahəsində böyük uğurları olmuş 1№-li Trestdən də yan ötmədi və 2001-ci ildə onun fəaliyyəti tamamilə dayandırıldı. Lakin bununla Maxsud müəllimin əmək fəaliyyətinə son qoyulmadı. Respublikada ona yenə də ehtiyac vardı. Və tikinti sahəsində zəngin təcrübəsi, bilik və bacarığı, təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq, çox keçmədən ona respublikanın Dövlət Tikinti və Arxitektura Komitəsində mühüm bir vəzifə – Dövlət Baş Texniki inventarlaşdırma, mülkiyyət hüquqlarının Qeydiyyatı və şəhərsalma Kadastrı İdarəsinə rəis təyin edildi. Və yaxşı ki, o, daha 5 il bu məsuliyyətli vəzifədə çalışaraq, həmin sahəyə öz layiqli töhfəsini verə bildi.
…Bütün həyatını qurub-yaratmaq kimi çox mühüm, faydalı işlərə həsr etmiş Maxsud müəllim bugünlər ömrünün 80-ci ilini alnıaçıq, üzüağ qarşılayır. Fəxr edir ki, Sumqayıtın sosial-iqtisadi inkişafında – böyük sənaye obyektlərinin, indi minlərlə ailənin məhəllə və mikrorayonlarda firavan yaşadığı binaların, məktəb və uşaq baxçalarının, mədəniyyət və sağlamlıq obyektlərinin inşasında özünün də, rəhbərlik etdiyi 1№-li Trestin mehriban, əməksevər kollektivinin də böyük əməyi, zəhməti olub. Sevinir və son 5 ildə ölkə rəhbərinin diqqət və qayğısı sayəsində daha da abadlaşan, yeni salınmış dənizkənarı bulvarı ilə möcüzəli şəkildə gözəlləşən, füsunkar olan doğma Sumqayıtın küçə və parklarını iftixarla gəzib-dolaşır. Axı, bu şəhər onun arzularının reallaşdığı, əməyi ilə şöhrət tapdığı, ad-san qazandığı şəhərdir. O, bu şəhərlə birgə ucalıb!..
Bu şəhər həm də onun istəkli övladlarının – hər biri ali təhsilli mütəxəsis olan iki oğul və iki qızının, 10 nəvəsinin və iki nəticəsinin doğulub-böyüdüyü gözəl, doğma, sevimli şəhərdir, dünyanın ən gözəl şəhəri!
Belə bir şəhərdə yaşayıb-yaratmaq, doğmalarla, dost-tanışlarla, bütün sumqayıtlılarla birgə ömrün yeni bir zirvəsini – 80 illiyi qarşılamaq nə böyük fəxr, nə böyük sevinc, nə böyük xoşbəxtlikdir!
Yubileyiniz mübarək, Maxsud müəllim!
Rəhman ORXAN,
Respublikanın Əməkdar jurnalisti.
Sumqayıt.
e-mail: rahman_orxan@mail.ru
tel.: (050) 250-07-26