Qarın nahiyəsindən ağır güllə yarası alan yeniyetmə təcili əməliyyat olunub
Sumqayıt şəhərində 17 yaşlı məktəbli dostunu güllələyib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.
Hadisə bu gün Sumqayıtın Corat qəsəbəsində baş verib. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Əbülfəz Firuddin oğlu Gülağayev güllə yarası ilə Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına gətirilib. Qarın nahiyəsindən ağır güllə yarası alan Ə. Gülağayev təcili əməliyyat olunub. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Araşdırmalar nəticəsində hadisənin baş vermə səbəbləri məlum olub. Müəyyən edilib ki, Ə. Gülağayevi dostu, 1992-ci il təvəllüdlü Malik Məmmədsəid oğlu Xəlilov ov tüfəngi ilə güllələyib. Polis tərəfindən saxlanılan M. Xəlilov ilkin ifadəsində hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirib. M. Xəlilovun Sumqayıtdakı orta məktəblərdən birinin şagirdi olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.