Sumqayıtda “Milli Pediatriya Akademiyası – 95 il” yubiley layihəsi çərçivəsində “Pediatriyanın aktual problemləri” mövzusunda konfrans keçirilib.
“Boulevard Medical Center”-in rəsmi tərəfdaşlığı ilə keçirilən konfransda TƏBİB nümayəndələri, millət vəkilləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri və Sumqayıt Tibb Mərkəzinin (STM) rəhbərliyi iştirak ediblər.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yada olunub.
Pediatrlar və neanotoloqların qatıldığı konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) sədri Təranə Tağı-zadə rəhbərlik etdiyi təşkilatın tarixi və səhiyyəmizdə roluna dair məlumat verib.
Millət vəkilləri Hicran Hüseynova, Müşfiq Məmmədli, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova, STM-nin direktoru Elnur Azadxanov çıxış edərək konfransın əhəmiyyətindən danışıblar.
STM-nin direktor müavini, Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli “Uşaq və yeniyetmə sağlamlığının keyfiyyət standartları” mövzusunda təqdimatla çıxış edib. T.Rəcəbli ölkədə ana və uşaq sağlamlığı sahəsində standartların hazırlanmasından və tibbi xidmətlərdən bəhs edib.
Sonra APA-nın sədri Təranə Tağı-zadə tərəfindən STM-nin direktoru Elnur Azadxanov və Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli səhiyyə elm, təhsil, elmin inkişafında göstərdiyi xidmətlərə, innovativ təkliflərə, etdiyi humanitar dəstəyə və tibbi təhsilin modernizasiyası yolunda verdiyi töhfələrə görə təltif olunub.
STM-nin uşaq kardioloqu, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov isə konfrans iştirakçılarına “Pediatrik praktikada uşaqlarda kardiopatologiyanın diaqnostik meyarları” mövzusunda master-klas keçib.
Konfrans pediatriyanın müxtəlif istiqamətlərini əhatə edən digər məruzələrlə yekunlaşıb.
Müzakirə qapadılmışdır.