Sumqayıtda qaçqın yataqxanası hər an uça bilər

849

Binada məskunlaşan 124 ailənin həyatı təhlükə altındadır

Sumqayıt şəhəri, 15-ci məhəllədəki 7 saylı yataqxana qəza vəziyyətindədir. Sakinlərin dediklərinə görə, bina hər zaman uça bilər. Bir sözlə, illər öncə şahidi olduğumuz Lənkəran faciəsi burada da təkrarlana bilər. Bu da 124 ailənin həyatını təhlükə altında qoymaq deməkdir.

Həqiqətən də bu yataqxananı görəndə adam dəhşətə gəlir və öz-özünə düşünür ki, ilahi, bu binada insan yaşayarmı?! Amma hər an ölümlərini gözləri önünə gətirən soydaşlarımız burada yaşayırlar. Həmin yataqxanada məcburi köçkün ailəsi çox azdır. Əksər ailə yerli sakindir ki, onların da yaşayış tərzi son həddə çatıb. Yataqxananın ərazisi zibil və antisanitariya şəraitindədir. Məişət tullantıları daşınmadığından uşaqlar zibillərin, çirkab suların içərisində oynayır. Bu da xəstəlik mənbəyi deməkdir. Binanın həyəti asfaltlanmayıb. Yağan yağışdan sonra böyük gölməçə, palçıq əmələ gəlib. Yataqxananın zirzəmisi kanalizasiya suyu ilə dolub. Ətrafı isə üfunət bürüyüb. Bünövrə tərəfdən beşmərtəbəli daş binanın çöl divarları uçur. Hətta korpuslar bir-birindən aralanıb. Bina, demək olar ki, orta hissədən qabağa qaçıb. Uçmasın deyə qalın, ensiz dəmir parçaları qoyularaq boltlarla bərkidilib. Hərəkət edən zaman hiss olunur ki, bina, doğrudan da silkələnir. Əgər 3-4 bal gücündə yeraltı təkan baş verərsə, uça bilər. Su və kanalizasiya xətləri çürüyüb sıradan çıxıb. Mərtəbələrin mətbəx və tualetləri acınacaqlı vəziyyətdədir. Mətbəxlərdə xörək bişirmək, çay içmək üçün şərait yoxdur. Su kranları işləmir, qapı və pəncərələr çürüyərək qopub düşdüyündən yerinə polietilen sellofan vurulub. Çürük turbalardan axan kanalizasiya və içməli su mətbəxdə sakinlərin üst-başlarını batırır. Bir sözlə, xörək hazırlamaq, paltar yumaq olmur. Hamam isə işləmir. İçməli su bütün günü mərtəbələrə axdığından hətta binanın çöl divarlarında da nəmişlik əmələ gətirir. Binanın çöl divarında boyu 1 mertə çatan yaşıl otlar bitib. Sakinlərin dediyinə görə, binanın çöl divarında nəmişlikdən ağac da bitmişdi. Yataqxana sakinləri buranı “yaşıl bina” adlandırırlar. Edilən çoxsaylı şikayətdən sonra gəlib həmin ağacı kəsiblər. Binanın elektrik xətlərinin üstü açıqdır. Qaz borularında deşilmiş yerləri izolentlə sarıyıblar. Binada qaz sızması var. Bu da insan həyatı üçün təhlükəlidir.
Sakin Minarə Muradova dedi ki, 1989-cu ildən burada yaşayır: “O vaxtlar Sumqayıtda “ölü zona” deyilən bir ərazi vardı. Orada ev tikmişdik. Yaxşı da yaşayırdıq. Ancaq sonra bizi mənzillə təmin etmək əvəzinə, gətirib bu uçuq yataqxanada məskunlaşdırdılar. 6 nəfər ailə üzvlərimlə ikinci mərtəbədə 1 otaqlı mənzildə yaşayırıq. Su bütün günü başımıza axır. Mətbəx və tualet antisanitariya şəraitindədir. Qapı və pəncərələr yoxdur. Binanın bütün mərtəbələrində mətbəx bu gündədir. Burada da adam yaşayar?! Qaz sobaları yararsızdır. Üstündə qazan asıb, xörək bişirmək olmur. Çünki göydən axan çirkab sular üstünə tökülür. Mətbəxin divarları hər gün su içində qaldığına görə mamır bağlayıb. Vallah, Allahın bizə yazığı gəlir ki, yoluxucu xəstəliklərə tutulmuruq. Adam nə qədər zülm çəkər, hansı dövrdə yaşayırıq?! Binanın eyvanlarında qapılar yoxdur. Dəmir çağları isə qırılıb-düşüb. Hər an oradan uşaq yıxıla bilər. Hətta həmin yerdən uşaq da düşüb, amma xoşbəxtlikdən ölməyib. Binanın 5-ci mərtəbəsi korpusdan aralanıb. Sadəcə, bir-birinə dəmir boltlarla bərkidilib. Yataqxananın iç və çöl divarları uçub-tökülür. Artıq dəhlizlərin tavanı aşağı enir. Uça bilər. Hər 2 aydan bir qaz istismarı idarəsindən gəlib qazımızı kəsirlər. Deyirlər ki, adambaşına 10 manatdan pul yığıb verin qazınızı kəsməyək. Biz də məcbur olub, boğazımızdan kəsib onlara veririk. Su boruları çürük olduğundan bütün günü binaya axır və sayğac da yazır. Gəlib bizdən həmin pulu tələb edirlər. Yaxşı olardı ki, su idarəsinin işçiləri gəlib boruları təmir edəydilər”.
Digər bir sakin Kəmalə Əliyeva birotaqlı mənzildə qaldığını dedi: “Qapı və pəncərələr də yoxdur. Binanın bünövrəsinin daşları bir neçə yerdən qopub-düşüb. Bir sözlə, bina silkələnir. 1996-cı ildən qəza vəziyyətindədir. Hətta aidiyyəti qurumlar gəlib öz gözləri ilə bunu görüb. Qorxularından yuxarı mərtəbəyə qalxmadılar, dedilər ki, binanız uçur, biz ölməyə gəlməmişik. Qışın bu oğlan çağında ağcaqanadların əlindən tərpənmək olmur. Hələ mənzillərimizə soxulan siçan və siçovulları demirik. Binanın ikinci mərtəbəsi də qabağa sürüşüb. Gözləyirlər ki, bina uçsun, ölüm-itim olsun, sonra əl-ayağa düşsünlər”.
Qəza vəziyyətində olan yataqxananın başqa bir sakini Füzuli Quliyev isə 5-ci mərtəbədə qaldığını söylədi: “Binanın dam örtüyü çatlar verib. Həmin çatlardan da qar və yağış suyu mənzillərə axır. Kanalizasiya sistemi birinci mərtəbəyə qədər işləmir, üfunətdən nəfəs almaq olmur”.
Sakinlər dedilər ki, bu haqda Sumqayıt şəhər İcra Hakimiyyətinə, aidiyyəti qrumlara dəfələrlə rəsmi şəkildə müraciətlər etmişik: “Gəlib binaya baxıblar, vəziyyətimizlə tanış olublar, söz veriblər ki, bina təmir ediləcək. Nə az, nə çox – düz 10 ildir bu sözü eşidirik”.
Binanın komendantı ilə görüşdük. Jurnalist olduğumuzu bildikdə adını və soyadını bildirməyib dedi ki, mən heç kiməm: “Təmizlik işlərinə isə 22 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Xəlil Vəliyev baxır. Gedin, ona müraciət edin”.
Adını bizdən gizlədən komendant onu da dedi ki, deyilənə görə, 2012-ci ildə bina təmir ediləcək: “Eyvanları, dəmir hasarları sakinlər özləri sındırır. Sahə müvəkkili ilə gəlirik, amma həmin hasarları sındıranların adını da demirlər ki, onlara qarşı hər hansı bir tədbir görülsün”.
Amma adıçəkilən yataqxananın komendantı sakinlərdən zibilpulu, kirayəpulu yığır. Görəsən, o yığılan pulları “mən heç kiməm” deyən komendant hara xərcləyir?!
Qələndər Xaçınçaylı, “HƏFTƏ İÇİ”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər