Sumqayıtda Qadın Resurs Mərkəzi açılıb – FOTOLAR

1850

Yanvarın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkilatçılığı ilə Sumqayıtda yeni Qadın Resurs Mərkəzi açılıb.

Mərkəz qadınların səlahiyyətləndirilməsinə və onların iqtisadi dayanıqlılığının artırılmasına xidmət edəcək, eləcə də gender əsaslı zorakılığa məruz qalmış qadınlara dəstək göstərəcək.

Sumqayıtdakı Gənclər evində keçirilən açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları Hicran Hüseynova, Müşviq Məmmədli,  Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndəli iştirak ediblər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Qadın Resurs Mərkəzinin  qadınların inkişafında, onların problemlərinin həllində mühüm rol oynayacağından əminliyini ifadə edib, Mərkəzin  fəaliyyətinə uğurlar arzulayıb.

AQUPDK-nın sədri Bahar Muradova açılış mərasimində çıxış edərək bildirib ki, Qadın Resurs mərkəzləri qadınların iqtisadi imkanlardan yararlanmasına, sahibkarlıq fəaliyyətinə yönəlməsinə və özünüinkişafa böyük töhfə verir. Biz qadınların dəstəklənməsi və iqtisadi səlahiyyətləndirilməsi istiqamətində fəaliyyətlərimizi davam etdirəcəyik”.

Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova layihənin əhəmiyyətindən və rolundan danışıb, aidiyyəti qurumların Mərkəzin səmərəli fəaliyyəti üçün lazımi dəstək göstərməyə hazır olduğunu bildirib.

USAID-in missiya direktoru Caydev Sinqxin sözlərinə görə, USAID Azərbaycan qadınlarına Qadın Resurs Mərkəzində iştirak edə biləcəkləri təlim vasitəsilə mühüm bacarıqları öyrənmək və iqtisadi cəhətdən daha möhkəm olmaq səylərində dəstək verməkdən qürur duyur. “BMTİP və Dövlət Komitəsindəki tərəfdaşlarımız sayəsində biz həm də məişət zorakılığı qurbanlarının lazımi yardım əldə etmək məqsədilə müraciət edə biləcəkləri təhlükəsiz məkanın olduğunu bilməkdən çox məmnunuq”, – deyə o əlavə edib.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxışında bildirib ki, Azərbaycan xanımları çox güclüdür: “Arzu edirəm ki, xanımlarımızın gələcəkdə psixoloq dəstəyinə ehtiyacları olmasın. Azərbaycan xanımına dəyər verilməlidir. Biz hər zaman Azərbaycan xanımına dəyəri, hörməti təbliğ etməliyik. Mənəvi dəyərlərimizi unutmamalıyıq. Onların cəmiyyətdə, beynəlxalq layihələrdə özlərini sübuta yetirmələrinə dəstək verməliyik. Bu layihənin ərsəyə gəlməsi üçün beynəlxalq təşkilatlara minnətdarlığımı bildirirəm”.

BMTİP-nin rezident nümayəndəsinin müavini Çaru Bist isə deyib ki, AQUPDK-nin və USAID-in əvəzsiz dəstəyi ilə Azərbaycan qadınlarının dəstək ala və peşəkar şəkildə inkişaf edə biləcəyi daha bir təhlükəsiz məkanın yaradılmasına kömək etməkdən məmnundur: “Qadınların və qızların inkişafına sərmayə qoymaq ailələrə və cəmiyyətlərə çoxsaylı fayda gətirir. Qadınların səlahiyyətləndirilməsinin inkişaf səylərinin mərkəzində saxlanılması həm də insanlar və planetimiz üçün 2030-cu il Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün ən yaxşı yollardan biridir”.

Sumqayıtda yerləşən Qadın Resurs Mərkəzi şəhər ərazisində qurulan ilk, USAID-in 2016-cı ildən bəri maliyyələşdirdiyi “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsi çərçivəsində açılan dördüncü Mərkəzdir. Beləcə, USAID və BMTİP-nin daha öncə Masallı, Zaqatala və Xaçmazda açdığı mərkəzlər sırasına Sumqayıt da daxil oldu.

2011-ci ildən bəri USAID də daxil olmaqla, bir sıra beynəlxalq donorun maliyyə dəstəyi ilə Dövlət Komitəsi və BMTİP tərəfindən Azərbaycanın müxtəlif bölgələrində 14 Qadın Resurs Mərkəzi yaradılıb. Ötən 11 ildə bu mərkəzlər qadınların iqtisadi cəhətdən inkişafı üçün perspektivlər yaradan məkan rolunu oynayıb. Bu günədək 6200-dən çox qadın üçün gender bərabərliyi və iqtisadi hüquqlar, həmçinin biznesin inkişafı, peşə kursları, mühasibat uçotu, maliyyə savadlılığı və kompüter elmləri üzrə ödənişsiz təlimlər keçirilib və 400-dən çox biznes qurulub. 2020-ci ildən etibarən USAID-in maliyyə dəstəyi ilə bu mərkəzlərdən 9-u gender əsaslı və ya məişət zorakılığından əziyyət çəkmiş qadınlara hüquqi və psixoloji yardım təklif edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər